...

Bakı-Quba yolunun 16-30-cu km-lik hissəsində aparılan təmir işləri yekunlaşır (FOTO)

İqtisadiyyat Materials 14 Oktyabr 2021 15:30 (UTC +04:00)
Bakı-Quba yolunun 16-30-cu km-lik hissəsində aparılan təmir işləri yekunlaşır (FOTO)

Bakı. Trend:

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km-dən (VAZ dairəsi) 30-cu km-dək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri sonuncu mərhələ üzrə aparılaraq yekunlaşdırılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda yenidənqurma işləri sözügedən yolun 28-30-cu km-lik hissəsində aparılır.

Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq işlər sonuncu 2 km-lik hissədə aparılır.

Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.

Qeyd edək ki, təmir-bərpa işlərinin 1-ci hissəsi üzrə magistralın 30-cu km-dən (Sumqayıt) 16-cı km-dək (VAZ dairəsi) olan hissəsində yenidənqurma işləri artıq bitib.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti