Bakı. Trend:
Ermənistanda aprelin 1-dən qaza görə daha çox pul ödəniləcək. Belə ki, aprelin 1-dən əhali üçün qazın qiyməti 4,7 dram artaraq, 1 kubmetr qaz üçün 143,7 dram (təxminən 0.51 manat) olacaq.
Digər istehlakçılar üçün 1000 kubmetr üçün qiymət artımı təxminən 10 dollar təşkil edəcək.
İstehlakçılar 1000 kubmetr qaz üçün əvvəlki 255,91 əvəzinə 265,81 dollar ödəyəcək. İstixana emalı şirkətləri üçün bu, 233,9 dollar olub ki, bu da əvvəlki qiymətdən təxminən 10 dollar bahadır.
Bununla da Ermənistanda qaz tarif aprelin 1-dən orta hesabla 4,1% artıb. Qərar sosial şəbəkələrin emrəni seqmentində sərt təpki ilə qarşılanıb.
Ötən illər ərzində ciddi iqtisadi geriləməyə uğramış Ermənistan iqtisadiyyatı üçün bu tariflər növbəti ağır zərbə olub. Yeni tariflər istixana təsərrüfatlarına ciddi təsir edəcək. Qaz istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin 60-70 %-ni təşkil edir. Belə ki, tariflərin hər hansı artımı qiymət bahalaşmasından qaçmağı demək olar ki, mümkünsüz edir.
Bu qərar Ermənistandakı nisbətən kiçik istixana təsərrüfatları üçün daha böyük problemdir. Bu təsərrüfat sahələri açıq rəqabətə girə bilmədiklərini nəzərə alsaq, bundan sonra onların sıradan çıxacağı da pronozlaşdırılır.
Ümumi nəticədə isə Ermənistanda qazın qiymətinin artması kənd təsərrüfatı məhsullarının kəskin bahalaşmasına səbəb olacaq.
Ermənistan kənd təsərrüfat məhsullarının istehsal xərcləri artmaqla yanaşı, istehsalçılar ciddi satış problemi ilə də üzləşiblər. Ermənistanın emal sənayesinin məhsullarının tədarükü üçün əsas bazar Rusiya idi. Rusiya bazarında rublun son devalvasiyası, iqtisadi proseslərin ləngiməsi, istehlakçıların ödəmə qabiliyyəti tələbinin azalması səbəbindən erməni istehsalçıları artıq satış problemi yaşayırlar. Qazın bahalaşmasının diktə etdiyi qiymət artımı həmin problemləri daha da artıracaq.
Qazın qiymətinin artması öz növbəsində Ermənistan iqtisadiyyatının müxtəlif sahələrinə təsirsiz ötüşməyəcək. Zəif rəqabət imkanları ilə seçilən Ermənistan iqtisadiyyatı tariflərin artırılmasından zərər görəcək. İstehsalçılar nə qədər satış zəncirlərinin pozulmasına və istehlakın azalmasına səbəb olsa da, əmtəə qiymətlərini qaldırmalı olacaqlar.
Bu gün Ermənistan İqtisadiyyatının texniki cəhətdən yenidən təchiz olunma səviyyəsi çox aşağıdır. Ölkədə investisiyalar azdır, bəzən kreditlər alınmır, bir tərəfdən də Mərkəzi Bankın inflyasiyanı cilovlamaq siyasəti, digər tərəfdən iqtisadiyyatın kredit qabiliyyətinin zəif olması iqtisadiyyatın yenidən silahlanması haqqında düşünməyə imkan vermir.
Bütün bunların fonunda Ermənistanın daxili bazarda da qaz tariflərinin artırılmasının nəticələrini tezliklə görmək mümkün olacaq.
Qaz tariflərinin artması öz növbəsində sıxılmış təbii qazın qiymətinə də təsir edib. Yayılan məlumatlara görə, sıxılmış təbii qazın qiyməti 7-8 faiz bahalaşıb.
Proqnozlar onu göstərir ki, onsuz da uçuruma doğru yuvaralanan Ermənistan iqtisadiyyatı növbəti ağır zərbələr alacaq. Digər tərəfdən isə erməni əhalisinin rifah səviyyəsi kəskin aşağı düşəcək, çünki Ermənistanda ilkin tələbat mallarının qiymətləri müxtəlif təsir edici amillərə görə durmadan artır. Bu qiymət artımlarının fonunda isə əhalinin gəlirlərində heç bir artım baş vermir.
Ermənistanda qaz tariflərinin artırılması ilə iqtisadiyyata vurulan ağır zərbə ictimai həyatın bir çox sahələrində özünü zəncirvari formada göstərəcək.