...

"Azərbaycan Sənaye Korporasiyası" ASC fəaliyyətinin 5-ci ilini qeyd edir (FOTO)

İqtisadiyyat Materials 11 Noyabr 2022 15:41 (UTC +04:00)
"Azərbaycan Sənaye Korporasiyası" ASC fəaliyyətinin 5-ci ilini qeyd edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli, “1665” nömrəli Fərmanına əsasən yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (“ASK” ASC) fəaliyyətinin 5-ci ilini qeyd edir.

Cəmiyyətin yaradılmasının 5-ci ili münasibəti ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də hesabat iclası keçirilib. Korporasiyanın mərkəzi aparatı, eləcə də törəmə müəssisələrin rəhbər heyəti və kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Cəmiyyətin Baş direktoru Kamran Nəbizadə 5 illik fəaliyyət münasibətilə qurumun kollektivini təbrik edərək, uğurlar arzulayıb və bildirib ki, “ASK” ASC ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək və göstərilən etimadı daim doğrultmaq üçün bütün səyləri bundan sonra da göstərməyə davam edəcəkdir.

Dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri də “ASK” ASC-nin yaradılmasıdır.

Cəmiyyətin Baş direktoru çıxışında bildirib ki, müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrü ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır və Ümummilli liderin təməlini qoyduğu inkişaf strategiyasının yerinə yetirilməsi, müasir dövrün tələblərinə uyğunlaşan iqtisadi-sosial inkişafın formalaşması cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməkdədir.

“2018-2020-ci illər ərzində vergidən öncəki mənfəətdə (EBİTDA) ardıcıl olaraq müsbət nəticələr əldə edilmişdir, 2021-ci ildə isə Cəmiyyətin konsolidasiya edilmiş xalis mənfəəti 44.1 milyon manat təşkil etmişdir ki, bu da Korporasiyanın fəaliyyət dövründə ən yüksək nəticədir. Ən iri müəssisələrimiz olan “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC və “Azəripək” MMC son üç il ərzində qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan ən iri 10 şirkətlər arasında yer alırlar. Törəmə müəssisələrin daxili vəsaitləri hesabına son iki ildə əsas vəsaitlərin alınması, həmçinin əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir.” – deyə Kamran Nəbizadə məruzəsində bildirib.

Korporasiyanın Baş direktoru qeyd edib ki, törəmə müəssisələrin fəaliyyətləri üzərində təkmil nəzarətin qurulması, strateji hədəflərin və illik fəaliyyət planlarının müəyyən edilməsi, daxili qayda, prosedur və siyasətlərin təsdiq edilməsi və idarəetmə üzərində nəzarətin aparılması məqsədilə Müşahidə Şuraları yaradılmışdır. 2018-2022-ci illər arasında törəmə müəssisələrlə birlikdə “ASK ASC”-də istehsal işçi sayı 2 dəfədən çox artaraq 1584-dən 3363-ə, inzibati işçi heyəti isə 3 dəfədən çox artaraq 176-dan 574-ə çatmışdır. Cəmiyyətimin və törəmə müəssisələrin ölkə səviyyəsində müəyyən edilmiş prioritetləri və qurumun qarşısında olan mühüm vəzifələri nəzərə alaraq özünün kadr potensialının inkişafı istiqamətləri müəyyən edilmişdir. Bu baxımdan Korporasiyanın əməkdaşları ACCA, CFI, CFA, PMI və bu kimi digər beynəlxalq dərəcədə tanınan sertifikasiya proqamlarında iştirak edərək uğurla tamamlamışlar.

Cəmiyyətin nəzdində yaradılan törəmə müəssisələrdən biri ölkəmizin əlvan metallurgiya sənayesinin aparıcı müəssisələrindən sayılan və strateji əhəmiyyətə malik olan “Azəralüminium” MMC-dir. 5 illik fəaliyyət ərzində görülən işlər haqqında məlumat verən “Azəralüminium” MMC-nin direktorunun birinci müavini Oqtay Rəfiyev bildirdi ki, müəssisə tərəfindən 2018-2021-ci illər üzrə toplam 113 000 tondan artıq alüminium məhsulları, 2022-ci ilin 9 ayı üzrə isə 16 min tondan artıq alüminium külçə, 11 min tondan artıq alüminium tökmə təbəqə, 10 min tondan artıq alüminium soyuqyayılmış təbəqə (toplam 37 min tondan artıq məhsul) istehsal edilib. Həmçinin müəssisənin 2018-2021-ci illər ərzində toplam xalis mənfəəti 32 809 038 AZN təşkil edib.

Alüminium sahəsində rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində gələcək işlər və müəssisənin strategiyası barədə danışan Korporasiyanın Baş direktoru Kamran Nəbizadə Almaniyanın “Achenbach Buschhütten” şirkətilə imzalanmış müqavilə və “Interal” MMC birgə müəssisəsinin yaradılmasını xüsusilə vurğulayaraq, bildirib ki, yeni əməkdaşlıq sayəsində üstün texnologiyanın tətbiqi ilə əlavə dəyərli alüminium məhsullarının istehsalı və bu məhsulların xarici bazarlara daha yüksək marja ilə satışı mümkün olacaqdır.

Cəmiyyətin rəsmisi çıxışında ölkənin əlvan metallurgiya sənayesinin inkişafı istiqamətində atılan əhəmiyyətili addımlardan biri kimi Daşkəsən rayonunda yerləşən Zəylik alunit mədənində mineral resursların araşdırılması, miqdarının qiymətləndirilməsi, müasir zənginləşdirmə texnologiyasından istifadə etməklə alunitin əldə edilməsi və daha sonra növbəti proseslərin icrası üzrə Böyük Britaniyanın “Micon International Co Limited” şirkəti ilə imzalanmış müqavilənin icrasına dair görülən işlərdən bəhs edib.

Bundan əlavə, qeyd olunub ki, Gəncədə gil-torpaq zavodunun modernizasiyası, neft koksunun kalsinasiyası və anod bloklarının istehsalı zavodunun tikintisi kimi iri həcmli layihələr üzrə də işlər aparılmaqdadır. Qeyd olunan layihələrin icrası üçün investisiyaların cəlb olunması və ən müasir texnologiyadan istifadə olunaraq istehsalın təşkili istiqamətində beynəlxalq şirkətlərlə danışıqlar aparılır.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin digər törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC ölkədə pambıq tədarükü, pambıq məhsullarının emalı və ixracında mühüm rol oynayır. “Azərpambıq ASK” MMC-nin direkrounun müavini Ağahüseyn Qədirov bildirib ki, müəssisə tərəfindən 2018-2021-ci illəri əhatə edən dövrdə 304 min tondan artıq xam pambıq tədarük edilmiş, 118 min tondan artıq mahlıc və 148 min tondan artıq çiyid emal edilmişdir. Cari il ərzində 25.2 min ha sahədə pambıq əkinləri həyata keçirilmiş və indiyə qədərki xam pambıq tədarükü 51 min tondan artıq olmuşdur. Müəssisənin 2018-2021-ci illərdə xalis mənfəəti toplam 28 261 256 AZN olmuşdur.

İclasda çıxış edən Kamran Nəbizadə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində “Azərpambıq ASK” MMC tərəfindən bir sıra layihələrin həyata keçirilməsini qeyd edib. Bu qəbildən layihələr sırasında Ağcabədi rayonunda yerləşən Pambıq İstehsalı və Emalı Zavodunun yenidən qurularaq istifadəyə verilməsi, zavodun xam pambıq emalı gücünün gündəlik 28 tondan 200 tona çatdırılması və məhsulun keyfiyyətinin xeyli yaxşılaşdırılması tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bununla yanaşı, 2021-ci ildə Saatlı rayonunda yerləşən PİEZ-in yenidənqurma və bərpa işlərinin aparılması, Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılaraq gündəlik emal gücünün 60 tondan 160 tona qədər qaldırılması vurğulanıb.

Qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilmiş tekstil sənayesinin dünya iqtisadiyyatında çox önəmli paya malik olduğunu bildirən Baş direktor tekstil sahəsi üzrə dəyər zəncirinin inkişaf elətdirilməsi və növbəti proseslərin təşkili nəticəsində mahlıcdan pambıq ipliyinin əldə edilməsi istiqamətində “Azərpambıq ASK” MMC tərəfindən illik istehsal gücü 5 000 ton olan pambıq iplik zavodunun qurulmasının gələcək perspektivlərindən də danışıb.

“Bundan əlavə, həyata keçiriləcək layihələr sırasında Şirvan şəhərində yerləşən yağ emalı zavodunun modernizasiya işlərinin görülməsi istiqamətində araşdırmalar və texniki şirkətlərlə danışıqlar aparılmaqdadır. Modernizasiya işləri görüldüyü təqdirdə, hal-hazırda günlük 50 ton (aylıq 1500 ton) həcmində olan emal gücünün 100 ton çiyid (aylıq 3 000 ton) və 12 ton yağ istehsalı həcminə qaldırmaq mümkün olacaqdır.” – deyə Kamran Nəbizadə bildirib.

Törəmə müəssisələrdən biri olan “Azəripək” MMC tərəfindən 2018-2021-ci illəri əhatə edən dövrdə 2 000 tondan artıq barama tədarük edilərək ümumilikdə 113 ton xam ipək istehsal olunmuşdur. Cari il ərzində 341 ton barama tədarükü sonrasında 23 tondan artıq xam ipək və toplamda 3 512 388 AZN dəyərində məhsul istehsalı olmuşdur. Əlavə olaraq, cari ilin 6 ayı üzrə müəssisənin xalis mənfəəti 98 586 AZN təşkil etmişdir. Hal-hazırda müəssisədə inzibati işçi sayı 60, istehsal işçi sayı 292 və birgə çalışılan kümçü sayı isə 3732 təşkil edir.

Görülən işlər çərçivəsində, “ASK” ASC və “RAFA Group” MMC arasında imzalanan müqavilə əsasında yaradılmış birgə müəssisə haqqında danışan Korporasiyanın rəsmisi qeyd edib ki, bir müddət istifadəsiz qalmış bez istehsalı zavodu yenidən fəaliyyətə qaytarılıb, hal-hazırda uşaq bezi və salfet istehsalı üzrə fəaliyyət göstərən müəssisə daxili bazar tələbatının ödənilməsi, həmin məhsullar üzrə idxaldan asılılığın azaldılması və yerli məhsulun ixrac imkanlarının yaradılmasına töhfə verməkdədir. 2021-ci ildə müəssisə tərəfindən 1 229 405 AZN dəyərində məhsul istehsal olunub. Cari il üzrə daxili və xarici bazara toplam olaraq 2 390 818 AZN məhsul satışı həyata keçirilib. Bu satışların 62%-ni Özbəkistan və Rusiyaya olan ixrac, yerdə qalan 38%-ni daxili bazarda olan satışlar təşkil edir.

Cəmiyyətin rəhbəri qeyd edib ki, Cənab Prezident tərəfindən 29 oktyabr 2021-ci il tarixində imzalanmış “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Sərəncamına müvafiq olaraq müəssisələrin özəlləşdirilməsi prosesi həyata keçirilməkdədir. Ümumi olaraq özəlləşmə prosesi çərçivəsində “Azərtütün ASK” MMC, “ASK Şəki Şərab” MMC özəlləşmiş, “ASK Ayaqqabı fabriki” MMC-nin əsasında yeni hüquqi şəxs – “Bakı Ayaqqabı fabriki” ASC yaradılmışdır.

Tədbirin sonunda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mərkəzi aparatı, həmçinin törəmə müəssisələrin əməkdaşları Cəmiyyətin Baş direktoru Kamran Nəbizadə tərəfindən Fəxri Diplomlar ilə təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti