...

Azərbaycan Qarabağda "yaşıl" enerjiyə diqqət ayırır - “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na şərh

İqtisadiyyat Materials 18 Noyabr 2022 17:08 (UTC +04:00)
Azərbaycan Qarabağda "yaşıl" enerjiyə diqqət ayırır - “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na şərh
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan tarixi torpaqlarını erməni işğalından azad etdikdən sonra genişmiqyaslı “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı həyata keçirməyə başlayıb. Proqram çərçivəsində Azərbaycan hökuməti bu ərazilərdə uğurlu iqtisadi inkişaf üçün zəruri olan əsas enerji infrastrukturunun bərpası üzrə işlər aparır. Azərbaycan ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına da böyük diqqət yetirir. Hökumət 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerjinin payını 30 faizə çatdırmağı hədəfləyir.

Belə ki, 2023-2025-ci illər ərzində Energetika Nazirliyi bərpa olunan enerji mənbələrindən, yəni su enerjisi, geotermal enerji və bioenerji istifadəsi, o cümlədən, hidrogen texnologiyaları və enerjinin saxlanması və hidroakkumulyasiyası üzrə fəaliyyətlərin perspektivlərinin öyrənilməsi və qiymətləndirilməsi ilə məşğul olacaq.

2026-cı ilədək dövr bp ilə birgə özəl investisiyalar hesabına Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının, Laçında və ya Kəlbəcərdə ümumi gücü təxminən 400 MVt olan külək elektrik stansiyasının tikintisi planlaşdırılır.

Öz növbəsində, İqtisadiyyat Nazirliyi 2026-cı ilə qədər bərpa işlərinə və yeni su elektrik stansiyalarının tikintisinə özəl investisiyaların cəlb edilməsi ilə məşğul olacaq. Bununla yanaşı, “Azərenerji” ASC istismardan çıxarılan kiçik SES-lərdə bərpa işləri ilə məşğul olacaq, nəticədə 2025-ci ilədək 23 kiçik SES-in işini təmin edəcək. “Azərenerji” 2025-ci ilə qədər 28 yeni kiçik SES tikməyi, 2026-cı ilə qədər kiçik SES-lərin sayını 37-yə çatdırmağı planlaşdırır. Həmçinin, 2025-ci ilədək gücü 100 MVt olan “Xudafərin” SES-in və 40 MVt gücündə “Qız Qalası” SES-in tikintisi başa çatdırılacaq. Bundan əlavə, Energetika Nazirliyi 2022-2023-cü illərdə “yaşıl” texnologiyalardan istifadə üzrə pilot layihələrin həyata keçirilməsi ilə məşğul olacaq.

İtaliyanın “Istituto Affari Internazionali” analitika mərkəzinin Enerji, iqlim və resurslar proqramının elmi işçisi Pyer Paolo Raymondi cümə günü Trend-ə bildirib ki, Azərbaycan bərpa olunan enerji sektorunun inkişafında bu mənbələrin şaxələndirilməsi baxımından yüksək potensiala malikdir.

“Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı potensialı kifayət qədər yüksəkdir, lakin hələ tam istifadə olunmur. Bundan əlavə, ölkə bərpa olunan enerjinin müxtəlifliyi baxımından yaxşı potensiala malikdir. Bu potensialın günəş, külək və su enerjisindən, eləcə də biokütlə enerjisindən və geotermal enerjidən istifadədə tətbiqi imkanı var. İndi Azərbaycan bu cür potensialın inkişafına təkan verəcək maliyyə resursları ayırmalı və normativ baza yaratmalı olacaq”, - deyə bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın iş apardığı Cənubi Qafqazdakı bərpa olunan enerji mənbəyi qovşağı siyasi əhəmiyyət kəsb edə bilər. Bu, bəzi Avropa qurumlarının artıq nəzərdən keçirdiyi kimi, beynəlxalq investisiyalar üçün strateji əhəmiyyətli sahəyə çevrilə bilər.

P.Raymondi qeyd edib ki, Azərbaycanda “yaşıl” hidrogen istehsalı və daha sonra Avropaya ixracı potensialının inkişaf etdirilməsi Aİ ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmlənməsinə kömək edəcək.

“Elektrik enerjisinin uzun məsafələrə ötürülməsi səmərəlilik baxımından kifayət qədər mürəkkəb işdir. Azərbaycan kiçik texniki və infrastruktur tənzimləmələrindən sonra təmiz hidrogen istehsal etməyə və sonra onu mövcud boru kəmərləri vasitəsilə Avropaya ixrac etməyə üstünlük verə bilər”, - ekspert deyib.

Qeyd edək ki, tarixi torpaqlarını işğaldan azad edən Azərbaycan oranın reinteqrasiyası, təkcə özü üçün deyil, həm də region ölkələri üçün yeni iqtisadi imkanlar yaradılması istiqamətində çox böyük işlər görür. Avropa ölkələri dəfələrlə Azərbaycanda bərpa olunan enerji layihələrində maraqlı olduqlarını bildiriblər ki, bu da Aİ ilə Azərbaycan arasında bu yaxınlarda imzalanmış anlaşma memorandumunda da öz əksini tapıb. Beləliklə, Azərbaycanın bərpa olunan enerji sektorundakı potensialı Avropanın enerji ehtiyatlarının şaxələndirilməsində və karbohidrogen emissiyalarının azaldılması məqsədlərinə nail olunmasında böyük rol oynaya bilər. Azərbaycan bərpa olunan enerji layihələrinə böyük xarici investisiyaları cəlb etməklə həm öz iqtisadiyyatını əhəmiyyətli dərəcədə gücləndirəcək, həm də tərəfdaşlarının enerji təhlükəsizliyini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti