...

Qurumların maliyyə auditləri üzrə əsas zəif tərəfləri müəyyən olunub

İqtisadiyyat Materials 13 Aprel 2023 14:06 (UTC +04:00)
Qurumların maliyyə auditləri üzrə əsas zəif tərəfləri müəyyən olunub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət qurumlarının maliyyə auditləri üzrə əsas zəif tərəflər aşkarlanıb.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatında bildirilir.

2022-ci ildə Hesablama Palatasının auditorları tərəfindən maliyyə auditlərində aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin tanınması və dəyərləndirilməsi audit predmetləri kimi müəyyən edilib.

Aparılmış maliyyə auditləri ilə aşağıdakı xarakterik zəif tərəflər müəyyən edilib.

- Qeyri-maddi aktivlərin (informasiya sistemlərinin) dəyərinin uçota alınmayaraq birbaşa xərcə silinməsi - aktivlərin az göstərilməsinə və xərclərin artırılmasına təsir edir;

- başa çatmamış tikintiyə çəkilən məsrəflərin və əsaslı vəsait qoyuluşunun maliyyə hesabatlarında xərc kimi tanınması - aktivlərin az göstərilməsi və xərclərin artırılması ilə nəticələnir;

- köhnəlmənin hesablanması üzrə uçot siyasətinin mövcud olmaması, ixtiyari normaların tətbiqi və ya köhnəlmənin hesablanmaması- həm köhnəlmə xərclərinə, həm də uzunmüddətli aktivlərin balans dəyərinə təsir edir;

- əsaslı təmir xərclərinin kapitallaşdırılmaması - aktivlərin balans dəyərinin azaldılması, cari xərclərin isə artırılması ilə nəticələnir;

- avans ödənişlərinin düzgün tanınmaması - müvafiq dövr üçün təşkilatın sair qısamüddətli aktivlərinin az göstərilməsinə və məsrəflərinin çox göstərilməsinə təsir edir;

- aktivlərin, öhdəliklərin, gəlir və xərclərin düzgün təsnifləşdirilməməsi ilə bağlı təhriflər;

- maliyyə hesabatlarının həm dövrlər, həm digər hesabatlar, həm də ilkin uçot sənədləri ilə müqayisəsinə əsasən hesabatlılıqda təhriflər;

- hesabatlarda əks etdirilən məlumatların mühasibat standartlarında müəyyən edilmiş keyfiyyət xüsusiyyətlərinə (münasiblik, etibarlılıq, neytrallıq, tamlıq, müqayisəlilik, anlaşıqlılıq) tam uyğun olmaması;

- izahlı qeydlərin natamam işlənilməsi və s.

Qeyd edək ki, aprelin 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti