...

Azərbaycan qaz idxalçısından ixracatçıya çevrilib - Ekspert

İqtisadiyyat Materials 11 Dekabr 2023 15:19 (UTC +04:00)
Azərbaycan qaz idxalçısından ixracatçıya çevrilib - Ekspert
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dünən Serbiyanın Niş şəhərində Azərbaycan təbii qazına çıxışı təmin edəcək Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə salınması mərasimi keçirilib.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, ölkəmiz hər il qaz satdığı ölkələrin coğrafiyasını genişləndirir.

"Serbiya tezliklə Azərbaycan qazını qəbul edəcək. Bu boru kəmərinin istismara verilməsi ilə bağlı Avropadakı mövcud formalizmlər yerinə yetirilməlidir. Ancaq istənilən halda bu boru kəmərinin istismara verilməsi Azərbaycan qazının coğrafiyasının genişləndirilməsi yönündə atılan addımdır. Azərbaycan qaz istehsalçısı kimi öz xammalını bazarda satmaq imkanı qazanır. Əgər biz ölkəmizin qaz ixracına nəzər salsaq, Azərbaycan 2007-ci ildən qaz idxalçısından ixracatçısına çevrilib. İlk olaraq Gürcüstan və Türkiyə Azərbaycan qazının alıcısı olub", - ekspert bildirib.

O qeyd edib ki, 2020-ci ilin sonuncu günündən Yunanıstan və İtaliyaya, 2021-ci ildən Bolqarıstana qaz nəqlinə başlanıldı.

"Cari ildən isə Rumıniya qoşuldu. Bu ilin sonuna qədər gözlənilir ki, Macarıstan kommersiya idxalına başlasın. Serbiya gələn il üçün Azərbaycanla 400 milyon kubmetr qazın alqı-satqısı ilə bağlı kommersiya sazişi imzalayıb. 2027-ci ildən bu qaz həcmlərini 1 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Azərbaycan qazının növbəti alıcıları siyahısında daha iki Avropa dövləti var. Bu, Slovakiya və Albaniyadır. Slovakiya 1 milyarda kubmetr, Albaniya isə 700 milyon kubmetr qaz almaq niyyətindədir. Hələ kommersiya sazişi imzalanmayıb. Ancaq bu istiqamətdə işlər gedir", - deyə o qeyd edib.

Qeyd edək ki, Serbiya-Bolqarıstan qaz birləşdiricisi layihəsi (Niş-Dimitrovqrad-Bolqarıstan) qismən Avropa İttifaqının 49,6 milyon avro məbləğində qrantları, həmçinin, Serbiyanın Avropa İnvestisiya Bankının 25 milyon avro güzəştli krediti hesabına maliyyələşdirilir. Bu vəsaitləri Serbiya qaz kəmərinin öz hissəsinin tikintisi üçün ödəyəcək.

Hazırda Serbiyanın ilkin enerji istehlakının 13 faizi qazdan əldə edilir ki, bu da ölkənin yalnız iki giriş nöqtəsindən - Balkan axını boru kəməri vasitəsilə və Macarıstandan əldə edə biləcəyi qazdır. Serbiya və Bolqarıstanın qaz şəbəkələrini birləşdirən interkonnektor Serbiya və Qərbi Balkanlar regionunda enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, Serbiyanı müxtəlif qaz şəbəkələri sistemlərindən, xüsusən də Azərbaycandan və Yunanıstanın Aleksandrupolis şəhərində yerləşən maye qaz terminalından daha təhlükəsiz və dayanıqlı təchizatla təmin edəcək.

Yeni qaz kəməri Nişdəki mövcud Serb şəbəkəsini paytaxt Sofiyadakı Bolqarıstan şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunluğu 109 kilometrdir.

Borunun diametri 700 mm və maksimum təzyiqi 55 bar olan onun gücü ildə Serbiyanın ümumi illik istehlakının 60 faizinə bərabər olan 1,8 milyard kubmetr təbii qazı vurmağa imkan verəcək.

Boru kəmərinə Nişdən əlavə, Bela Palanka, Pirot və Dimitrovqradda daha üç ölçmə stansiyası da daxil olacaq ki, bu da Serbiyanın bu üç şəhəri və bölgəsinə - onların vətəndaşlarına, məktəblərə, xəstəxanalara, müəssisələrə istilik və sənaye istehsalı üçün qaz təchizatı əldə etməyə imkan verəcək. Tikinti işlərinə 2022-ci ilin yanvarında başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti