...

Aqrar turizm Azərbaycan və Başqırdıstan arasında tur axınının artmasına imkan yarada bilər - Baş nazir müavini (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 29 May 2024 11:29 (UTC +04:00)
Aqrar turizm Azərbaycan və Başqırdıstan arasında tur axınının artmasına imkan yarada bilər - Baş nazir müavini (ÖZƏL MÜSAHİBƏ)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar turizm Azərbaycan və Başqırdıstan arasında tur axınının artmasına imkan yarada bilər.

Bu barədə Trend-ə özəl müsahibəsində Başqırdıstanın baş nazirinin müavini, kənd təsərrüfatı naziri İlşat Fazrahmanov deyib.

"Son illər ərzində Rusiyada, xüsusən də Başqırdıstan Respublikasında turizm dinamik inkişaf edir. Kənd təsərrüfatı ilə bağlı sahədə "aqrar turizm" istiqaməti yaranıb. Bu, kənd ərazilərinin inkişafı üçün çox perspektivlidir, bölgələrin sosial-iqtisadi inkişafına, xüsusən kənd əhalisinin məşğulluğunun təmin edilməsinə, əsas istehsalın həcminin və vətəndaşların şəxsi gəlirlərinin artmasına xidmət edir.

Aqrar turizm layihələrinin həyata keçirilməsi üçün dövlət ərizəçinin öz vəsaitindən layihəyə qoyulan investisiyanın payından asılı olaraq 3-10 milyon rubl arası qrant ayırır. Vəsaitlər turistlərin yerləşdirilməsi üçün obyektlərinin yaradılması, təchiz edilməsi, mühəndis kommunikasiyalarına qoşulması, turizm avadanlıqlarının alınması, abadlıq işlərinin aparılması və digər məqsədlərə yönəldilə bilər.

Kənd turizminə maraq bütün dünyada geniş yayılıb. Hər bir ölkə kənd turizminin inkişafı üçün öz modelini yaratmağa çalışır. Hesab edirəm ki, aqrar turizm respublikalarımız arasında turist axınını genişləndirməklə ərazinin inkişafını dəstəkləmək üçün bir vasitə olaraq çıxış edə bilər", - o deyib.

Onun sözlərinə görə, Başqırdıstan Respublikası və Azərbaycan Respublikası kənd təsərrüfatı məhsullarının satışı üzrə sıx ticari-iqtisadi və tərəfdaşlıq əlaqələrinə malikdir.

"2023-cü ildə Başqırdıstan Respublikasından Azərbaycan Respublikasına buğda, meslin, un və spirtli içkilər ixrac edilib. Başqırdıstan Respublikasından xarici bazarlara ən çox satılan məhsullar, həmçinin, günəbaxan yağı və qarışıq gübrələrdir. Azərbaycan Respublikasından "Avrasiya" aqrar parkına (Ufa) tərəvəz və meyvələr (nar, alma, pomidor, xiyar və s.) tədarük edilir. Həmçinin, cem, jele, marmelad, meyvə-tərəvəz şirələri, şəkər əlavə edilmiş mineral su idxal olunur", - o deyib.

Fazrahmanov qeyd edib ki, ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inkişafı məqsədilə Başqırdıstan Respublikasının nümayəndələri Azərbaycanın keçirdiyi böyük sərgilərdə iştirak edir. Misal üçün, Başqırdıstan 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan" sərgisində ekspozisiya ilə iştirak edib.

Başqırdıstan Respublikası ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərindən danışan baş nazir müavini Başqırdıstanın kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükü sahəsində əməkdaşlığın gələcək perspektivlərini gördüyünü bildirib.

"Bu ilin aprel ayında Azərbaycan Respublikasına səfərimiz zamanı həmkarlarımızla geniş spektrə malik məsələləri müzakirə etdik. Azərbaycan tərəfini Başqırdıstanın kənd təsərrüfatı kooperativlərinin dəstəklənməsi, kiçik və orta sahibkarlığı cəlb etməklə turizm xidməti obyektlərinin inkişafı üzrə təcrübəsi maraqlandırıb. Dost ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün Başqırdıstanın aqrar-sənaye kompleksi müəssisələrinin elmi işləmələrini Azərbaycanda tətbiq etməyi təklif etdik. Aqrar-sənaye kompleksi məhsullarının qarşılıqlı tədarükü, gübrələrin və Başqırdıstanda istehsal olunan kənd təsərrüfatı texnikasının Azərbaycana ixracı sahəsində əməkdaşlığın gələcək perspektivlərini görürük", - deyə o əlavə edib.

Baş nazir müavini vurğulayıb ki, müasir reallıqda texnologiyadan və müxtəlif innovasiyalardan istifadə hər hansı biznes sahəsinin, o cümlədən, aqrar biznesin ayrılmaz xüsusiyyətidir.

"Həm Başqırdıstanda, həm də Azərbaycanda aqrar-sənaye kompleksi dinamikdir və inkişaf edir, aqrarçılar aparıcı kənd təsərrüfatı avadanlığı və texnikasından istifadə etməyə çalışır. Əminəm ki, bir-birimizdən öyrənəcəyimiz, mənimsəyəcəyimiz təcrübə var. Başqırdıstan nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib.

Mərkəz aqrar innovasiyaların təbliği və tətbiqi ilə məşğul olur, vaxtaşırı fermerlərə innovativ yenilikləri, o cümlədən əkin sahələrinin emalı üzrə yeni texnologiyalar, yeni suvarma üsulları və səmərəli səpin metodları nümayiş etdirir. Bu istiqamətdə əməkdaşlıq etməyə, aqrarçılara yeni texnologiyalardan bəhs etməyə, necə deyərlər, zamanla ayaqlaşmağa hər zaman hazırıq", - deyə o qeyd edib.

Başqırdıstan məhsullarının Azərbaycana ixracının genişləndirilməsi planlarından danışan İlşat Fazrahmanov Başqırdıstanın aqrar ixracının üçqat artım üçün böyük potensiala malik olduğunu qeyd edib.

"2023-cü ilin yekunlarına görə, respublikadan aqrar sənayen kompleksi məhsullarının ixracının həcmi əvvəlki illə müqayisədə 79 faiz artıb. Belə ki, 338,6 milyon dollar dəyərində 747,8 min ton kənd təsərrüfatı məhsulu göndərilib. Başqırdıstanda su quşları üçün genetik mərkəz var, bütün Rusiya qaz və ördəklərin yetişdirilməsi üçün respublikaya gedir.

Biz rayonda bitkiçilik, taxılçılıq və yağlı bitkiçilik sahələrini inkişaf etdiririk. İki iri Başqırdıstan müəssisəsi 450 min ton yüksək keyfiyyətli bitki yağı istehsal edir. Region onu Çin, Hindistan və digər ölkələrə fəal şəkildə tədarük edir. Başqırdıstan balı bütün dünyada tanınan məhsuldur. Biz onu 12 min ton həcmində istehsal edirik ki, bunun da altı min tonu əmtəə hissəsidir, tələbat artdıqda həcmi əminliklə artıra bilərik. Başqırdıstan atlarının südündən faydalı, dadlı, təbii, müalicəvi içki olan qımız hazırlanır. Bütün bu məhsullara artıq Rusiyanın daxili bazarında və beynəlxalq bazarlarda tələbat var və biz tədarük coğrafiyasını genişləndirəcəyik", - deyə o əlavə edib.

Baş nazirin müavini Başqırdıstanın Azərbaycanla arıçılıq sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırdığını vurğulayıb.

"Bu, o cümlədən, elmi-tədqiqat istiqamətində də öz əksini tapacaq. Regionumuzda orta rus cinsli arıların yetişdirilməsi üçün damazlıq reproduksator statusuna malik olan "Altyn Solok" adlı muxtar qeyri-kommersiya təşkilatı fəaliyyət göstərir. Təşkilatın nəzdində unikal molekulyar-genetik ekspertiza laboratoriyası yaradılıb. "Altyn Solok" laboratoriyasında Rusiya ərazisində bal arılarının ən böyük DNT bankı yaradılıb ki, daim tamamlanr və yenilənir. Bu səbəbdən azərbaycanlı həmkarlarımızla arıların seleksiyası istiqamətində əminliklə əməkdaşlıq edə bilərik", - o deyib.

Fazrahmanovun sözlərinə görə, həmçinin Başqırdıstan Respublikasının İxraca Dəstək Mərkəzi fəaliyyət göstərir.

"Başqırdıstanda Başqırdıstan Respublikasının İxraca Dəstək Mərkəzi fəaliyyət göstərir Mərkəz ixracçılara və ixracyönümlü müəssisələrə dəstək göstərir, təşkilatların sərgi və yarmarkalarda, eləcə də biznes missiyalarında iştirakına kömək edir, elektron ticarət platformalarında yerləşdirməyə kömək edir və bütünlükdə xarici iqtisadi fəaliyyət üzrə təlimlər keçir. Bundan başqa, Başqırdıstanda aqrar sənaye kompleksi məhsullarının xarici bazarlarda sertifikatlaşdırılması ilə əlaqədar xərclərin bir hissəsini, eləcə də ixracçıların məhsullarını xarici bazarlara daşıyarkən çəkdiyi faktiki xərclərin bir hissəsini geri ödəmək mümkündür", - deyə o sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti