...

MKT İstehsalat Kommersiya artıq Prime Cotton olaraq fəaliyyət göstərəcək (FOTO)

İqtisadiyyat Materials 10 Noyabr 2024 13:55 (UTC +04:00)
MKT İstehsalat Kommersiya artıq Prime Cotton olaraq fəaliyyət göstərəcək (FOTO)

Bakı. Trend:

Prime Cotton, Azərbaycanın pambıq sənayesində yeni ad:

MKT İstehsalat Kommersiya artıq Prime Cotton olaraq fəaliyyət göstərəcək

Azərbaycanın pambıq sənayesində aparıcı şirkətlərdən biri olan GP Cotton Holdingsin şirkəti olan MKT İstehsalat Kommersiya MMC rebrendinq edərək fəaliyyətini Prime Cotton MMC adı ilə davam etdirəcək. Bu addım, şirkətin son illərdə keçirdiyi modernizasiya və təkmilləşdirmə layihələri nəticəsində güclü korporativ kimlik və yenilənmiş imic formalaşdırmaq məqsədilə atılıb.

Prime Cotton-un loqosu təbiilik, keyfiyyət və korporativ dəyərlərini ifadə edir. Göy pambıq çiçəyi məhsulun təmizliyini, yaşıl rəng isə ekologiyaya bağlılığı vurğulayır. Dairəvi elementlər əməkdaşlıq və dəqiqliyi əks etdirir. Raleway fontunun sadəliyi və müasirliyi brendin etibarlılığını göstərir. Simmetrik dizayn isə təbiətə və insana hörməti ifadə edir. Loqo, Prime Cotton-un keyfiyyət və davamlı inkişafa bağlılığını vizuallaşdırır.

Gələn il pambıq sənayesində 30 illik fəaliyyətini qeyd edəcək şirkət, uğurlu fəaliyyəti nəticəsində genişlənərək, ölkənin pambıqçılıqla məşğul olan 20 rayonundan 15-də fəaliyyət göstərir. Prime Cotton hazırda Azərbaycanda ən geniş əraziyə malik pambıq istehsalçısıdır. Uğurlu strategiyası sayəsində müəssisə son illərdə qeyri-neft sektorunda ən çox ixrac edən 10 şirkətdən biri olub və 2024-cü ilin ilk 9 ayında ixrac liderliyinin zirvəsində qərarlaşıb.

Prime Cotton MMC, pambıqçılıqda əvəzsiz təcrübəsi, eləcə də dayanıqlılıq səyləri nəticəsində COP29 Qlobal Konfransında iştirak edəcək. Ziyarətçiləri GP Cotton Holdingsinin stendinə yaxınlaşıb Prime Cotton şirkətinin pambıqçılıqda tətbiq etdiyi dayanıqlı həllər və innovativ yanaşmalar barədə məlumat əldə edə biləcəklər. Şirkətin İcraçı direktoru Rövşən Mahmudov COP29 zamanı 14 noyabrda Yaşıl Zonada təşkil ediləcək “Daha Yaxşı Pambıq”, 21 noyabrda isə Göy Zonada baş tutacaq “Torpağın Sağlamlığı” tədbirlərində çıxış edəcək.

Şirkətin İcraçı direktoru, Rövşən Mahmudov bildirib: “Dayanıqlılıq Prime Cotton-da strateji məqsədlərimizdəndir və bu istiqamətdə innovativ yanaşmaları tətbiq etməyə davam edəcəyik. COP29, dayanıqlılıqla bağlı təcrübələrimizi paylaşmaq və digər iştirakçılarla fikir mübadiləsi aparma üçün önəmli bir platformadır.”

Prime Cotton, pambıqçılıq üzrə müasir texnologiyalı müəssisələr olan Bakı Tekstil Filialı, Sumqayıt Tekstil Filialı, Mingəçevir Tekstil Parkı və Şirvan Yağ Emalı Zavodu, həmçinin 11 rayonda Pambığın İlkin Emalı filialları və üç rayonda Məntəqə Tipli Filiallardan ibarət geniş infrastrukturu əhatə edir. Bundan əlavə, şirkət altı rayonda İnnovasiya Fermer Təsərrüfatı vasitəsilə ən müasir texnologiya və dayanıqlı pambıqçılıq təcrübələrini tətbiq edir.

İnnovasiya Fermer Təsərrüfatları, yeni pambıq sortlarının məhsuldarlığını və dərmanların təsirini yeni texnologiyaların tətbiqi ilə sınaqdan keçirildiyi xüsusi təsərrüfatlardır. Məqsəd, ən son metodlarla keyfiyyətli məhsul istehsalını artırmaqdır. Bu təsərrüfatlarda beynəlxalq pambıq sortları sınaqdan keçirilir, nəticələr fermerlərlə bölüşdürülür.

Yerli və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən şirkət istehsal etdiyi iplik, pambıq yağı və digər məhsulları Türkiyə, Rusiya, MDB, Avropa və Yaxın Şərq ölkələrinə ixrac edir.

Xəbər lenti

Xəbər lenti