...

“Mastercard” Qazaxıstanda kibertəhlükəsizliyi gücləndirir və innovasiyaları təşviq edir – Sancar Jamalov (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 2 Dekabr 2024 10:20 (UTC +04:00)
“Mastercard” Qazaxıstanda kibertəhlükəsizliyi gücləndirir və innovasiyaları təşviq edir –  Sancar  Jamalov (ÖZƏL MÜSAHİBƏ)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

“Mastercard” Qazaxıstanda rəqəmsal transformasiya, turizmin inkişafı və kibertəhlükəsizliyə diqqət yetirərək əməkdaşlığı möhkəmləndirir.

Bu barədə Trend-ə özəl müsahibəsində “Mastercard”ın Qazaxıstan və Mərkəzi Asiya üzrə baş direktoru Sancar Jamalov məlumat verib.

Sancar Jamalov şirkətin regionda həyata keçirdiyi son təşəbbüsləri, o cümlədən 2023-cü ildə “Domestic Card Program” (DCP) proqramı çərçivəsində sazişin imzalanmasını vurğulayıb.

"Biz bir neçə istiqamətdə fəal çalışırıq. “Mastercard”, “GovTech” sahəsində dəstəklərini göstərərək, icmalların hazırlanmasında, ən yaxşı təcrübələrin mübadiləsində və forumlar, seminarlar təşkil edilməsində iştirak edir. Ekspertizamız “open banking” və blokçeyn layihələrinin inkişafı kimi sahələrdə böyük tələbə malikdir ", – deyə o qeyd edib.

Şirkət həmçinin Qazaxıstanda kibertəhlükəsizlik sahəsində qabaqcıl həllər tətbiq edir. Bunlardan biri də “Risk Recon” platformasıdır.

"Belə qlobal həllər ölkənin inkişaf edən rəqəmsal ekosisteminin təhlükəsizliyi və sabitliyini təmin etmək üçün vacibdir", – deyə S.Jamalov bildirib.

Bundan əlavə, Mastercard turizmin inkişafında əsas tərəfdaşdır.

"Biz “Kazakh Tourism”ə “Mastercard Tourism Innovation Hub”a çıxış imkanı təqdim edərək, turizm sahəsində həllərin hazırlanması və təcrübə mübadiləsini dəstəklədik", – deyə Sancar Jamalov izah edib.

Bu il “Mastercard”, “Mastercard Tourism Insights” platformasından əldə olunan məlumatlardan istifadə edərək “Visit Almaty Bureau” ilə iki master-klass keçirmişdir.

"Almatı Mərkəzi Asiya haqqında turizm məlumatı axtaranların təxminən 30 faizini cəlb edir. Şəhərə gələnlərin təxminən 20 faizi isə Şimbulak – məşhur xizək kurortunu ziyarət edir. Bu məlumatlar tərəfdaşlarımıza turistləri cəlb etmək üçün strategiyalar hazırlamağa kömək edir”, – S. Jamalov əlavə edib.

"Biz Almatıda MDB və Şərqi Avropa ölkələri üçün regional konsaltinq mərkəzi yaratdıq və komandamızı əhəmiyyətli dərəcədə genişləndirdik – bir il ərzində məsləhətçilərimizin sayını üç dəfədən çox artırdıq", – deyə S.Jamalov bildirib.

" “Mastercard” tam şəkildə Qazaxıstanın rəqəmsallaşma üzrə Mərkəzi Asiyada lider olma səylərini dəstəkləyir. Bizim əsas diqqətimiz regionda rəqəmsal iqtisadiyyatın və maliyyə texnologiyalarının inkişafına yönəlib", – deyə o qeyd edib.

Qazaxıstanda rəqəmsal təngə layihəsi

Sancar Jamalov bildirib ki, “Mastercard” Qazaxıstanda rəqəmsal təngə layihəsinin inkişafında əsas rol oynayır. Hazırda layihə test mərhələsindədir və onun tam həyata keçirilməsi 2025-ci ilin sonuna planlaşdırılır.

"Rəqəmsal təngə layihəsi hazırda dövlət satınalmaları və sosial ödənişlər sahəsini əhatə edən test rejimində işləyir," – deyə S.Jamalov izah edib.

Layihənin üç mərhələli tətbiqi 2025-ci ilin sonuna qədər başa çatdırılacaq və bu, yeni maliyyə xidmətlərinin yaranmasına imkan yaradacaq.

2023-cü ilin noyabr ayında Qazaxıstan Maliyyəçilər Konqresində Avrasiya Bankı “Mastercard” platformasında buraxılmış rəqəmsal təngədə ilk debet kartını təqdim edib. İlk tranzaksiyanı Qazaxıstan Milli Ödəniş Korporasiyasının sədri həyata keçirib.

"Hesabdakı rəqəmsal təngə vəsaitləri ani şəkildə ənənəvi təngəyə konvertasiya edildi ki, bu da dünyanın istənilən yerində alış-veriş ödənişlərini həyata keçirməyə imkan verdi", – deyə S.Jamalov sistemin yüksək inteqrasiyasını vurğulayıb.

Qazaxıstanda kiçik və orta biznesin rəqəmsallaşdırılmasının dəstəklənməsi

Sancar Jamalovun sözlərinə görə, “Mastercard” qlobal səviyyədə kiçik və orta biznesin rəqəmsallaşdırılmasını öz prioritet vəzifələrindən biri kimi tanıyıb və bu istiqamətdə kompleks yanaşma hazırlayıb.

"Kiçik və orta biznesin rəqəmsallaşdırılması bizim prioritetimizdir. Bu, şirkətlərin daha səmərəli, şəffaf və rəqabətədavamlı olmasına kömək edir", – deyə S.Jamalov qeyd edib.

O vurğulayıb ki, Qazaxıstanda biznes sahibləri Altyn Bank, Halyk Bank, Kaspi və digər yerli banklar daxil olmaqla, doqquz bank vasitəsilə Mastercard biznes kartlarını əldə edə bilərlər.

"Bu kartlar şirkətlərə məhsul və xidmətlərin ödənişini həyata keçirmək, nağd pul çıxarmaq, hesabları artırmaq və yanacaq, ofis avadanlığı, onlayn xidmətlər də daxil olmaqla geniş spektrli biznes xərclərini idarə etmək imkanı verir", – deyə S.Jamalov izah edib.

Bundan əlavə, biznes kart sahibləri qazax və rus dillərində fəaliyyət göstərən “Easy Savings Specials” platformasına çıxış əldə edirlər.

"Platforma 100-dən çox beynəlxalq endirim və bir neçə yerli kampaniya təqdim edir", – deyə S.Jamalov bildirib.

Qlobal tərəfdaşlar arasında “Google”, “Adobe”, “Meta”, “Qatar Airways” kimi şirkətlər, yerli tərəfdaşlar arasında isə “Rixos Aktau”, “Yandex Direct” və digərləri yer alır.

Qazaxıstanda rəqəmsal maliyyənin inkişafı

Qazaxıstanın MDB və Avropa ölkələri arasında rəqəmsal maliyyə sahəsində lider olduğunu vurğulayan Sancar Jamalov, “RISE Research”, Qazaxıstan Milli Ödəniş Korporasiyası və “Tarlan Payments” ilə birlikdə həyata keçirilmiş genişmiqyaslı fintex bazarı araşdırmasının nəticələri barədə məlumat verib. Tədqiqat çərçivəsində 100-dən çox şirkət arasında sorğu aparılıb.

"2024-cü ildə Qazaxıstanda nağdsız ödənişlərin payı rekord həddə çataraq 89 faiz təşkil edib. Bundan əlavə, 2019-2023-cü illər arasında onlayn bankinq istifadəçilərinin sayı 4,6 dəfə artaraq 5 milyondan 23,1 milyona yüksəlib", – deyə S.Jamalov bildirib.

Qazaxıstanda fintex bazarını formalaşdıran əsas meyillər bunlardır: Süni intellektin inteqrasiyası, Fintex və rəqəmsal dövlət xidmətlərinin (GovTech) sinergiyası, Kiçik və orta biznes üçün yeni rəqəmsal maliyyə məhsulları, Taksit xidmətləri (BNPL), Rəqəmsal maliyyə aktivlərinin artımı.

Nağdsız ödənişlər

"Çində elektron ticarətdə əsas rolu mobil ödənişlər oynayır, Avropada isə rəqəmsal cüzdanlar liderlik edir və bu, qlobal elektron ticarət dövriyyəsinin 49 faizini təşkil edir. Lakin fiziki satış nöqtələrində ənənəvi kart ödənişləri hələ də üstünlük təşkil edir və bazarın 51 faizini əhatə edir", – deyə Sancar Jamalov bildirib.

O, Qazaxıstanda nağdsız əməliyyatların inkişafında əhəmiyyətli irəliləyişlərə diqqət çəkərək, son beş ildə bu əməliyyatların iyirmi dəfə artdığını vurğulayıb.

"Orta hesabla, hər bir Qazaxıstan sakini ən azı iki bankın kartına sahibdir. Bununla belə, maliyyə məhsul və xidmətlərinin daha da fərdiləşdirilməsi, həmçinin istifadəçi təcrübəsinin yaxşılaşdırılması üçün imkanlar mövcuddur", – deyə baş direktor əlavə edib.

“Mastercard”ın Qazaxıstandakı yeni kibertəhlükəsizlik texnologiyası

Şirkət kibertəhlükəsizliyin gücləndirilməsinə əhəmiyyətli investisiyalar yatırır.

"Son beş ildə “Mastercard” kibertəhlükəsizliyin möhkəmləndirilməsinə 7 milyard dollar sərmayə qoyub", – deyə Sancar Jamalov bildirib və şirkətin müştərilərin əməliyyatları və kart sahiblərinin müdafiəsinə sadiqliyini vurğulayıb.

“Mastercard”ın əsas həll yollarından biri bu il Qazaxıstanda istifadəyə verilmiş “RiskRecon” texnologiyasıdır.

S.Jamalov bu texnologiyanı süni intellekt və məlumatların təhlili sahəsində qabaqcıl həll yolu kimi xarakterizə edib.

" “RiskRecon” – təşkilatların və onların tərəfdaşlarının kibertəhlükəsizlik qiymətləndirilməsini avtomatlaşdıran bulud əsaslı xidmətdir", – deyə o izah edib.

Sistem təxminən 40 müxtəlif parametri qiymətləndirərək, şirkətlərə kiberriskləri proaktiv şəkildə idarə etməyə, intellektual mülkiyyəti və müştəri məlumatlarını qorumağa imkan yaradır.

“Mastercard” Mərkəzi Asiyada “yaşıl” təşəbbüsləri nəzərdən keçirir

Sancar Jamalov bildirib ki, “Mastercard” Qazaxıstan və Mərkəzi Asiyada biznesin inkişafına yanaşmasını köklü şəkildə dəyişərək Almatıda mərkəz yaradıb.

"Qazaxıstanda biznesin lokallaşdırılması mərhələsi mənim fəaliyyətimlə bağlıdır və əsas vəzifələrimdən biri yerli ofisin yaradılmasıdır. Bu ofis regionda biznesimizin genişlənməsinə kömək edəcək. Biz yerli mütəxəssisləri fəal şəkildə işə götürürük. İşçilərin sayı artır və eyni zamanda şirkətin əməliyyat fəaliyyəti ciddi transformasiyadan keçir", – deyə o bildirib.

O vurğulayıb ki, Qazaxıstan”Mastercard” üçün prioritet bazarlardan biridir. Bu, nağdsız ödənişlərin yüksək səviyyəsi və yeni texnologiyalara açıq olan gənclərin çoxluğu ilə bağlıdır.

"Qazaxıstanda yeni texnologiyaları tez mənimsəyən yüksək faizlə gənclər var və Almatı yüksək keyfiyyətli insan kapitalına malikdir – beynəlxalq təhsil və iş təcrübəsi olan çoxlu sayda gənc mütəxəssislər burada toplanıb”, – deyə o qeyd edib.

O, həmçinin, bildirib ki, biz həmçinin hökumətin rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək istəyini görürük, bu, bizim məqsədlərimizə uyğundur və biz onun həyata keçirilməsi üzərində birgə çalışırıq

Sancar Jamalov “Mastercard”ın Mərkəzi Asiyadakı gələcəyinə olan əminliyini ifadə edib.

"Bizim ödəniş texnologiyaları, ekologiya və innovasiyalar sahəsindəki layihələrimiz Mərkəzi Asiyada böyük maraqla qarşılanır. Regionda nağdsız iqtisadiyyatın inkişafı və ölkələrimizin beynəlxalq arenada irəliləməsi üçün böyük imkanlar görürəm", - Sancar Jamalov.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti