...

Köhnə neft-qaz infrastrukturunun ömrünün uzadılması prioritetdir - SOCAR MGO

İqtisadiyyat Materials 10 Dekabr 2025 16:30 (UTC +04:00)
Köhnə neft-qaz infrastrukturunun ömrünün uzadılması prioritetdir - SOCAR MGO
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Köhnə neft-qaz infrastrukturunun ömrünün uzadılması üçün müvafiq texnoloji həllərdən istifadə prioritetdir.

Bunu Trend-ə açıqlamasında “SOCAR Midstream Gas Operations”un (SOCAR MGO) baş texniki inzibatçısı Nəriman Mehdiyev Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” tədbiri çərçivəsində deyib.

Onun sözlərinə görə, tədbirin əsas məqsədi neft-qaz sektorunda fəaliyyət göstərən mütəxəssisləri bir araya toplamaq, mövcud platformaların uzunmüddətli istismarı üçün müasir texnoloji həlləri müzakirə etməkdir. N.Mehdiyev bildirib ki, mövcud infrastrukturun böyük hissəsi artıq yaşlanıb və onların hamısını eyni vaxtda dəyişmək mümkün deyil. Bu səbəbdən əsas hədəf həmin infrastrukturların ömrünün uzadılması və əməliyyatların daha səmərəli icrasıdır.

“Bu tədbirdə iştirak edən şirkətlərin bir qismi ilə uzun illərdir əməkdaşlıq edirik, bəzilərini isə yeni tanıyırıq. Elə şirkətlər var ki, onların texnologiyalarından gələcəkdə istifadə etmək niyyətindəyik”, – deyə o qeyd edib.

Baş texniki inzibatçı vurğulayıb ki, Azərbaycanda hələ də Sovet dövründən qalma bəzi neft-qaz infrastrukturları istismarda saxlanılır: "Artıq onların bir hissəsinin yenilənməsinin vaxtı çatıb. Bu baxımdan, infrastruktur ya modernizə edilməli, ya da ömrünün uzadılması üçün konkret addımlar atılmalıdır.Hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir".

N.Mehdiyev əlavə edib ki, Azərbaycanın yeni ixrac neft və qaz boru kəmərlərində korroziya və digər risklərə qarşı qabaqlayıcı həll yolları layihələndirmə mərhələsində nəzərə alınıb: "Buna görə də həmin kəmərlərdə belə problemlərə demək olar ki, rast gəlinmir. Əsas diqqət isə köhnə infrastrukturlara yönəldilib.

Əgər köhnə infrastrukturlarda da müasir metodlar tətbiq olunmasa, onlar daha tez sıradan çıxma riski ilə üzləşə bilər. Ümumilikdə, bu tip layihələrin dizayn ömrü 25–30 il olur. Lakin bu müddət ərzində boru kəmərlərinə və digər obyektlərə mütəmadi qulluq göstərilməlidir. Yeni texnologiyaların tətbiqi ilə infrastrukturun istismar müddətini daha da uzatmaq mümkündür”.

SOCAR MGO rəsmisinin sözlərinə görə, lazımi texniki qulluq təmin olunmadığı təqdirdə planlaşdırılan həcmdə qaz ötürülməsi mümkün olmaya bilər ki, bu da həm maddi itkilərə, həm də infrastruktur baxımından ciddi risklərə yol aça bilər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti