...

Azərbaycan regionda İT sahəsində liderliyini möhkəmləndirəcək - rabitə və informasiya texnologiyaları nazirinin müavini ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2007 11:34 (UTC +04:00)
Azərbaycan regionda İT sahəsində liderliyini möhkəmləndirəcək - rabitə və informasiya texnologiyaları nazirinin müavini ilə müsahibə

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2008-ci ildə İT sektorunda inkişaf üzrə planlarını və başa çatmaqda olan il üzrə görülən işlərdə əldə olunan nailiyyətləri açıqlayıb. Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Trend -ın suallarına cavab verib:

- Başa çatmaqda olan 2007-ci il Sizin üçün rabitə və informasiya texnologiyaları sahəsində nə kimi hadisələrlə əlamətdar oldu?

- İlk növbədə bildirim ki, İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı üzrə Milli Strategiya təsdiqləndikdən sonra Azərbaycanda bu sahənin inkişafına xüsusi diqqət verilir.

Dövlət başçısı İlham Əliyev 2003-cü ilin dekabrında Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində bəyan etdi ki, əsas məqsədimiz "qara qızılı insan qızılına" çevirməkdir. Bu gün artıq bu tezisin icrası və İKT sektorunun inkişafı üçün müasir tələblərə cavab verən əsas qanunlar və normativ aktlar qəbul edilib, inkişaf və tərəqqi üçün hər cür şərait yaradılıb.

Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) çərçivəsində görülən işlər nəticəsində İKT-nın ÜDM-da payı artmağa meyl edib və hal-hazırda iqtisadi hesablamalara görə, 4-5 faiz arasında tərəddüd edir.

Bunun nəticəsidir ki, Azərbaycan 2006-2007-ci illər üçün qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsinə görə, 122 qabaqcıl ölkə sırasında 71-ci yeri tutub. Azərbaycan bu cədvəldə Rusiyadan sonrakı sıranı tutaraq bir çox nüfuzlu ölkələri, o cümlədən Bolqarıstan, Qazaxıstan, Serbiya, Ukrayna, Misir, Pakistan, Moldova kimi ölkələri arxada qoyub.

Azərbaycanın İnternet şəbəkəsi də genişlənməkdədir. Respublikamızda 30-dan çox İnternet provayder fəaliyyət göstərir. Bu gün .az domeni zonasında 5000-dən çox sayt mövcuddur.

Əhaliyə yeni və keyfiyyətli xidmətlərin təqdim olunması üçün (VOIC, Internet, IPTV, IPFon və s.) Bakı şəhərində NGN texnologiyasının tətbiqi genişləndirilir. Bu proses regionlara da yayılır. Hazırda Şamaxı rayon telefon şəbəkəsinin tam rekonstruksiya edilərək NGN şəbəkəsinin qurulması işləri başa çatmaq üzrədir.

Naxçıvan MR-in rabitəsinin TAE optik xətti vasitəsilə təşkili məqsədilə optik kabelin İran ərazisindən keçməklə tikintisi başa çatdırılıb və Bakı ilə Naxçıvan arasında rabitə TAE magistralından istifadə olunmaqla təşkil edilib. Bu ilin sonuna qədər Türkiyə ilə birləşmə başa çatacaqdır.

Biz cari ildə beynəlxalq ekspertlərin iştirakı ilə Regional İnnovasiya Zonasının (RİZ) yaradılması üzrə təkliflər paketini hazırlayaraq Hökumətə təqdim etmişik.

İKT sahəsində olan mütəxəssislərin müasir elmi və digər məlumatlara olan tələbatını ödəmək məqsədilə 2007-ci ildə İKT üzrə sahə E-kitabxanası yaradılıb. E-kitabxana, həmçinin Azərbaycan Respublikasının 12 universitetinin İKT üzrə kitab, jurnal və digər mənbələrinin kataloqunu özündə birləşdirir.

Ölkənin tranzit informasiya mərkəzinə çevrilməsi üçün Milli peykə sahib olmamız vacibdir. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb. "Azərsat" Milli rabitə peyki üçün orbital mövqeyin alınması məqsədi ilə Nazirlik ilkin təkliflər paketi hazırlayıb və Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim edib. Bir çox tanınmış şirkətlər artıq bu layihədə iştirak etmək niyyətləri olduğunu bildiriblər.

Bu il tanınmış İKT şirkətlərinin rəhbərlərinin respublikamıza səfərləri, eləcə də 2007-ci ilin yanvar ayında Davosda keçirilən ənənəvi iqtisadi forumda dünyanın aparıcı şirkətləri olan "Microsoft", "Cisco" və "İntel"in rəhbərlərinin təşəbbüsü ilə Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru potensial investorların diqqət mərkəzindədir.

Yola saldığımız il ərzində iki Nobel mükafatı laureatlarının iştirakı ilə nanotexnologiyalar üzrə Beynəlxalq konfrans və digər beynəlxalq tədbirlər ölkəmizin İKT sektorunda gedən proseslərə beynəlxalq dəstək və diqqətinin təzahürüdür.

Belə ki, başa çatmaqda olan 2007-ci ili rabitə və informasiya texnologiyaları sahəsində uğurlu illərdən biri kimi hesab etmək olar və ümid edirik ki, əldə etdiyimiz uğurları növbəti illərdə daha sürətlə davam etdirməyə nail olacağıq.

- Rabitə və informasiya texnologiyaları sahəsinin 2008-ci il üçün hansı prioritetlərini müəyyən etmisiniz?

- Bizim strateji məqsədimiz yaxın üç-dörd il ərzində müasir standartlara cavab verən informasiya texnologiyaları şəbəkəsinin daha da genişləndirilməsi, ölkə əhalisinin yeni telekommunikasiya xidmətləri ilə təmin edilməsindən ibarətdir.

Bu gün hökumət "elektron hökumət"in komponentlərinin işlənib hazırlanmasını həyata keçirir və bu istiqamətdə gələcək perspektivlər Dünya Bankı ilə razılaşdırılıb.

Biz bu istiqamətdə bir sıra ölkələrlə, o cümlədən Koreya və ABŞ hökumətləri ilə, həmçinin Moldova və digər ölkələrlə əməkdaşlıq edirik.

Azərbaycanda informasiya texnologiyalarının prioritet sahə kimi inkişaf etdirilməsi üçün dövlət tərəfindən dəstəklənən xüsusi bir layihə mövcuddur. Bu, xüsusi iqtisadi zonalar çərçivəsində Regional İnnovasiya Zonasının yaradılması layihəsidir.

Layihənin beş əsas amilindən birincisi və ən vacibi bu istiqamətdə tətbiq ediləcək güzəştlərdir. Regional İnnovasiya Zonası çərçivəsində edilən vergi və gömrük güzəştlərində rüsumların sıfıra yaxınlaşması tələb olunur.

Zona üzrə ikinci istiqamət insan resurslarının inkişafıdır. Deməliyəm ki, burada əsas addımlardan biri Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin təsis edilməsi, həmçinin informasiya texnologiyaları, nanotexnologiyalar üzrə tədqiqat mərkəzinin yaradılması, eyni zamanda Azərbaycan universitetlərində informasiya texnologiyaları üzrə fakültələrdə tədrisin keyfiyyətinin yüksəldilməsidir.

Digər istiqamət isə azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində informasiya texnologiyaları üzrə təhsil almasıdır ki, Azərbaycan prezidentinin təklifi ilə bu barədə Dövlət Proqramı hazırlanıb və təsdiq olunub.

Zona üzrə üçüncü istiqamət islahatların, 4-cü istiqamət regional layihələrin həyata keçirilməsindən ibarətdir. Azərbaycan təxminən 8,5 milyon əhaliyə malikdir, bazar kiçikdir, ona görə də regional zona çərçivəsində atılan addımlar bizə elə bir siyasət aparmağa əsas verir ki, Azərbaycanda bu sahədə çalışan bütün şirkətlər təkcə Azərbaycan bazarlarında yox, həmçinin region bazarlarında da işləyə bilsinlər.

Mən hesab edirəm ki, dövlətin dəstəyi və ölkə başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət sayəsində Azərbaycan regionda İKT üzrə lider ölkə mövqeyini daha da möhkəmləndirəcək, İKT sahəsində inkişaf etmiş ölkələr sırasında layiqli yer tutacaq.

Rabitə və İnformasiy aTexnologiyaları ölkəmizdə dayanıqlı iqtisadiyyatın əsas amillərindən birinə çevriləcək, davamlı iqtisadi inkişafda mühüm rol oynayacaq və Azərbaycan qlobal informasiya cəmiyyəti quruculuğuna yeni-yeni töhfələr verəcək.

Xəbər lenti

Xəbər lenti