...

Azərbaycanda qiymət artımının xarakteri dünya bazarının tendensiyalarını təkrarlayacaq – ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2008 14:58 (UTC +04:00)
Azərbaycanda qiymət artımının xarakteri dünya bazarının tendensiyalarını təkrarlayacaq – ekspert

Azərbaycan, Bakı, 12 may/ Trend / Qazaxıstanın payızadək öz taxılının ixracına qoyduğu qadağa Azərbaycanda çörəyin qiymətinin artmasının əsas səbəbi deyil. Qazaxıstan taxılının idxalının dayandırılması ilə bağlı vəziyyət Azərbaycanda çörək və çörək məhsullarının qiymətində belə tez öz əksini tapa bilməzdi. Qiymət dəyişikliklərinə təsir edən bir sıra başqa səbəblər var. Artım birinci növbədə ərzağa olan dünya qiymətlərinin artması ilə bağlı 2008-ci ildə yaranan inflyasiya, həmçinin kənd təsərrüfatı fəaliyyətinin aparılması üçün əlverişsiz şərait və Azərbaycanda məhsul yığımının azalması ilə şərtlənir. Dolların davam edən ucuzlaşması da öz rolunu oynayıb. Belə ki, xammal aktivlərinin böyük hissəsi dollar ekvivalentində qiymətləndirilir.

Azərbaycanda hələ 2007-ci ilin yayından artmağa başlayan çörəyin qiyməti ölkə bütün taxılı özü istehsal etsə belə artacaq. Qiymət artımının xarakteri dünya bazarının tendensiyalarını davam etdirəcək, yəni sıçrayışlar şəklində deyil, tədrici olacaq. Nümunə üçün, 2006-cı ildə Kanadada buğdanın qiyməti 128,10 dol/tondan 2008-ci ildə 251,20 dol/tonadək tərəddüd edib.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində bu gün ölkədə 570 min tondan çox kifayət həcmdə buğda ehtiyatının olduğunu və zərurət yarandığı halda bu ehtiyatın beş ay ərzində tələbatı ödəyə biləcəyini söyləyirlər.Ölkədə taxılkimilərin biçini iyunda başlayacaq və bu il üçün məhsul proqnozu 2,3 - 2,4 mln. ton səviyyəsində müəyyən edilib. Kəskin defisit müşahidə olunduğu halda hökumət taxılın alınması ilə bağlı digər ölkələrlə - Ukrayna, Kanada ilə danışıqlara başlaya bilər.

Kanada Buğda Bürosunun (CWB) proqnozlarına əsasən, dünya bazarının aparıcı tədarükçüsü olan Kanada cari mövsümdə 3,2 mln. ton bərk buğda ixrac edəcək. Ukrayna isə 2007/2008-ci il marketinq ilində xaricə 2,5 mln. ton taxıl göndərməyi planlaşdırır.

Hökumət Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi çərçivəsində kənd təsərrüfatı üçün subsidiyaların həcmini genişləndirməyə məcburdur. Bu yolla yerli taxıl istehsalçılarını strateji məhsulun səpinini yalnız daxili istifadə üçün deyil, gələcəkdə dünya bazarlarına çıxmaq üçün də artırmağa stimullaşdırmaq olar.

Leyla Abdullayeva, Trend -ın Analitika Mərkəzinin eksperti

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti