...

Macarıstan "Nabukko" qaz kəməri layihəsinin sürətləndirilməsinə dair siyasi addım hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2008 10:37 (UTC +04:00)
Macarıstan "Nabukko" qaz kəməri layihəsinin sürətləndirilməsinə dair siyasi addım hazırlayır

Azərbaycan, Bakı, 28 iyul/ Trend , müxbir A.Bədəlova/ "Nabukko" qaz kəmərinin tikintisi layihəsində iştirak edən dövlətlərin sammiti layihənin həyata keçirilməsinə müsbət təsir edəcək, - Nabucco Gas Pipeline konsorsiumu üzrə tərəfdaşlar hesab edirlər.

Macarıstanın Baş naziri Ferents Dürçan (Ferenc Gyurcsany) iyulda Azərbaycan və Türkmənistana üçgünlük səfəri zamanı "Nabukko" qaz kəməri layihəsi üzrə sammit keçirmək təklfini bəyan edib.

Macarıstan hökumətinin mətbuat xidmətinin nümayəndəsi Sofiya Halmay (Zsofia Halmai) bazar ertəsi elektron poçtla Trend -a bildirib ki, yüksək səviyyədə keçiriləcək görüşdə "Nabukko" üzrə tərəfdaş ölkələr, həmçinin potensial tədarükçülər və tranzit ölkələr iştirak edəcəklər. Mətbuat xidmətindən sammitin keçiriləcəyi tarixi dəqiqləşdirməyiblər.

"Hazırda görüşün detalları hazırlanır", - Halmay bildirib.

Dəyəri $12,4 mlrd. olan "Nabukko" qaz kəməri ilə 2013-cü ildən Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz tədarük etmək nəzərdə tutulur. "Nabukko" layihəsinin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. İştirakçılardan hər biri bərabər paya - 16,67 faiz paya malikdir. İri energetika şirkəti Gaz de France da qaz kəməri ilə nəql olunan qazın bir hissəsinin alınmasına maraq göstərir.

Nabucco Gas Pipeline konsorsiumunun iştirakçılarından biri Macarıstanın MOL şirkətinin beynəlxalq əlaqələr üzrə nümayəndəsi Linda Murani (Linda Muranyi) elektron poçtla Trend -a bildirib ki, belə növ görüşün keçirilməsi layihənin tezliklə reallaşdırılmasına əhəmiyyətli dərəcədə yardım edə bilər.

"Görüş "Nabukko"nun tikintisinin problem və çətinliklərinin müzakirəsi üzrə layihə iştirakçıları arasında dialoqun yaradılması üçün faydalı ola bilər", - Murani söyləyib.

"Nabukko" layihəsinin operatoru qismində çıxış edən Avstriyanın OMV şirkəti də sammitin keçirilməsi fikrini dəstəkləyir.

"Bu fikrin hələ də layihənin səhmdarları arasında müzakirə edilməməsinə baxmayaraq, biz layihəni möhkəmləndirə biləcək bütün siyasi səyləri yüksək qiymətləndiririk", - OMV şirkətində beynəlxalq layihələr və "Nabukko"nun nümayəndəsi Kristian Dolezal (Christian Dolezal) elektron poçtla Trend -a bildirib.

Dolezalın sözlərinə görə, yüksək səviyyədə görüş zamanı "Nabukko"da iştirak edən ölkələr layihə üzrə hökumətlərarası saziş imzalamağı planlaşdırırlar ki, bu da borunun tikintisinin qanunverici bazasının unifikasiyası üçün zəruridir. Gələcəkdə tərəflər tranzit və nəqliyyat sazişləri imzalamalıdırlar.

Fevralda "Nabukko" layihəsinin altıncı iştirakçısı olmuş Almaniyanın RWE şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Stefan Padberq (Stefan Padberg) elektron poçtla Trend -a bildirib ki, layihə iştirakçılarının təşəbbüsü ilə keçirilən istənilən görüşlər müsbət trendə malik olacaq.

"Biz əvvəllər belə növ görüşlərin şahidi olmuşuq. Bu görüşlər məhsuldar olub və bizim şirkət hesab edir ki, "Nabukko" düzgün yoldadır", - Padberq bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti