Azərbaycan, Bakı, 28 noyabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın "UniBank" kommersiya bankı 2009-cu ilin birinci rübündə ipoteka kreditləşməsinə 30 mln. dollar xarici maliyyələşdirmənin cəlb ediləcəyini gözləyir, - Bankın İdarə Heyətinin sədri Faiq Hüseynov cümə günü bildirib.
Kredit ehtiyatları Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və Niderlandın FMO (Nederlandse Financierings-Maatschappij Voor Ontwikkelingslanden N.V.) maliyyə şirkətindən cəlb ediləcək. Onların hər biri 15 mln. dollar vəsait ayıracaq.
"Bu diqqətəlayiq faktdır ki, maliyyə sistemində qeyri-sabit vəziyyətə baxmayaraq, Azərbaycanın bank sektoruna həm kredit xətlərinin açılması istiqamətində, həm də kapitalda iştirakda belə maraq göstərilir", - Hüseynov bildirib.
BMK və FMO ilə kredit sazişləri artıq imzalansa da, texniki məsələlərin həlli - hüquqi əsaslandırmanın alınmasının zəruriliyi ilə əlaqədar vəsaitlərin ayrılması ilə bağlı gecikmələr var. Kredit ehtiyatları banka uzunmüddətli əsasda verilir.
Hüseynovun sözlərinə görə, bu gün bank ipoteka portfelinin ümumi həcminə görə lider mövqelərdən birini tutur və bu gün o, 40 mln. manat səviyyəsində formalaşdırılıb. Bank tərəfindən AMB nəzdində Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına 5 mln. manata yaxın ipoteka krediti verilib. "UniBank" 2009-cu ildə ipoteka məhsullarının fəal inkişafını davam etdirmək niyyətindədir.
"Bu istiqamətdə beynəlxalq maliyyə institutları ilə danışıqlar aparılır. Doğrudur, biz başa düşürük ki, borclanma şərtləri dəyişir və artıq ipoteka krditləşdirməsi üçün 5-8 faizdən aşağı dərəcə üzrə vəsait cəlb etmək mümkün olmayacaq. Lakin bu vəsaitlər 10 ilədək uzun müddətə nəzərdə tutulacaq", - Hüseynov bildirib.
"UniBank" Azərbaycanın ən iri özəl banklarından biridir. Maliyyə göstəricilərinə görə, "UniBank" liderlərin üçlüyünə daxil olur. Bankın Nizamnamə fondu 15 mln. manat, məcmu kapitalı 67 mln. manat təşkil edir. Noyabrın 28-nə bankın aktivləri ilin əvvəlindəki 370 mln. manata qarşı 440 mln. manat təşkil edir. Kredit portfeli 345 mln. manat, depozit portfeli - 342 mln. manat, o cümlədən əhalinin əmanətləri 87 mln. manat təşkil edir.
Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Alman İnvestisiya Korporasiyası - DEG daxildir.
Noyabrın 28-nə olan cari mübadilə məzənnəsi - 0,8079 AZN/USD
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]