Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir A.Bədəlova/ Almaniyanın "Deutsche Bank"nın proqnozlarına əsasən, 2009-cu ildə dünya iqtisadiyyatının artım templəri 0,3 faiz azalacaq.
Bankın məruzəsində bildirilir ki, əvvəlki kimi daha çox dinamik inkişaf edən region Asiya olacaq. Yaponiya istisna olmaqla, 2009-cu ildə regionda ÜDM-in artımı 5,1 faiz təşkil edəcək. Əhəmiyyətli dərəcədə zəif iqtisadi artım Şərqi Avropa, Rusiya və Latın Amerikasında müşahidə olunacaq. Bankın proqnozlarına görə, gələn il Şərqi Avropa və Rusiyada ÜDM-in artımı 2, Latın Amerikasında isə 2,3 faiz təşkil edəcək.
2009-cu ildə ABŞ-da ÜDM-in 1,7 faiz azalması müşahidə olunacaq. Bank gələn il Yaponiya üçün də eyni göstəricini proqnozlaşdırır. 2009-cu ildə Avrozonada ÜDM 1,4 faiz azalacaq.
Hazırki qlobal iqtisadi azalmanın əsas səbəbləri arasında: ABŞ-da iqtisadi düşmə və onun dünya iqtisadiyyatına təsiri; maliyyə böhranına çevrilmiş subprime böhranı; əmtəə qiymətlərində, xüsusilə də neftin qiymətində tərəddüdlər; Amerika dollarının zəifləməsi, həmçinin bəzi sektorların artıq istehsal güclərinə gətirmiş fəal inkişafı göstərilib.
"Deutsche Bank" 2001-ci ildən bəri ilk dəfə olaraq, gələn il dünya ticarətinin azalacağı barədə xəbərdarlıq edir.
Dünyanın Mərkəzi bankları faiz dərəcələrini azaltmağı və böyük likvidlik vasitəsilə maliyyə institutlarına dəstək göstərməyi davam etdirəcəklər. Bu tədbirlərin real iqtisadiyyata necə sürətlə təsir göstərəcəyi xeyli dərəcədə bankların öz vəziyyətlərini nə qədər tez bərpa etmələrindən asılıdır, - məruzədə deyilir.
Dünya iqtisadiyyatında azalma neftin qiymətinin azlamasının əsas səbəbi olub. "Deutsche Bank"ın analitiklərinin rəyinə görə, neftin qiymətinin azalması müvəqqəti təzahürdür.
Məruzəyə əsasən, ortamüddətli perspektivdə neftə tələbat onun tədarüklərini ötəcək ki, bu da Çin, Hindistan və digər inkişafda olan bazarlardakı böyük tələbat və yeni neft-qaz yataqlarının kəşfiyyatı və hasilatının daha bahalı olacağı ilə şərtlənir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]