Qazaxıstan, Astana, 10 fevral / Trend , müxbir K.Konırova / Qazaxıstan öz antiböhran proqramının reallaşdırılmasında klassik üsullar tətbiq edir. Bu barədə Trend -ın müxbirinə Azərbaycanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Lətif Qəndilov bildirib.
Diplomat, Qazaxıstan Milli Bankının təngənin məzənnəsinin dəstəklənməsindən imtina etməsini düzgün addım hesab edir.
"Bazar üçün yalnız inzibati vasitələr hesabına milli valyutanın dəstəyi münasib deyil. Ona görə Milli Bankın bu addımı, mənim zənnimcə düzgündür. Vaxt keçdikcə hər şey öz yerini tapacaq. Qiymətlər də real xərcləri əks etdirəcək və bu, Qazaxıstan mallarının rəqabətqabiliyyətliliyi üçün əlverişli şərait yaradacaq", - deyə Qəndilov bildirib.
Səfir Qazaxıstan hökumətinin bir sıra iri banklar ilə bağlı qəbul etdiyi qərarları da düzgün hesab edir.
"Bunlar dünya praktikasında böhranla mübarizə üzrə klassik üsullardır, bu üsullar çərçivəsində dövlət, banklar da daxil olmaqla, daxili bazarın iri subyektlərinə maliyyə vəsaiti ayırmaq yolu ilə kömək edir. Sonra isə, stabillik yaranan kimi onlar yenidən özəl şəxslərə qayıdır", - deyə səfir bildirib.
Səfir deyib ki, Qazaxıstan yaranan vəziyyətdə kompleks tədbirlər həyata keçirir.
"Böhran müvəqqətidir. Həmişə böhrandan sonra canlanma və iqtisadiyyatın dirçəlişi olub. Qazaxıstan hökumətinin antiböhran proqramı konkret aydın məqsədləri və onların əldə olunması üçün vəsaiti özündə əks etdirir", - deyə Qəndilov vurğulayıb.
"Və mən əminəm ki, bu gün respublikanın yürütdüyü düzgün taktika bütün dövrlər üçün bu xoşagəlməz enməni azaltmağa, canlanma və iqtisadi artımın növbəti mərhələsinə mümkün qədər tez çatmağa imkan yaradacaq", - deyə o əlavə edib.
Azərbaycanda bu cür senarinin mümkün olub-olmaması sualına cavab verən səfir bildirib ki, iki respublika arasında, onların hər ikisinin neft ölkəsi olmasına baxmayaraq, fərq var.
"Bizim respublika xaricdə riskli qiymətli kağızlara sərmayə yatırmayıb və bizim daxili bazarımızda neft satışından əldə edilən kifayət qədər dollar vəsaiti var. Bundan əlavə, ölkə büdcəsinə pullar valyuta ilə daxil olur. Buna görə bizim üçün neft fondu ehtiyatlarından istifadəyə zərurət yaranmayıb. Dünya böhranı manata az təsir edib və onun məzənnəsi daha sabit qalıb", - deyə Qəndilov əlavə edib.