Amsterdamın "Sxipxol" aeroportunda Türkiyəyə məxsus Boeing 737-800 təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı beş sərnişin həlak olub. Bu barədə Hollandiya KİV-nə istinadən CNN Turk telekanalı xəbər verib.
CNN Turk telekanalının verdiyi məlumata görə, "Türkiyə hava yolları" şirkətinin baş direktoru Temel Kotil bir müddət əvvəl bildirmişdi ki, avia qəza nəticəsində ölən yoxdur.
Telekanalın verdiyi xəbərə görə, hazırda 80 sərnişin artıq evakuasiya edilib.
"Türkiyə hava yolları" şirkətinin məlumatına görə, qalan sərnişinlərin evakuasiyası üçün hadisə yerinə xüsusi vertolyotlar göndərilib. Nəqliyyat naziri Binəli Yıldırımın sözlərinə görə, təyyarə 2002-ci ildə istifadəyə verilib və heç bir texniki problemi olmayıb.
Təyyarənin bortunda 127 sərnişin və yeddi ekipaj üzvü olub. Boeing 737-800 təyyarəsi yerli vaxtla 08:22-də İstanbuldan Amsterdama uçurmuş. Layner enən zaman üç hissəyə parçalanıb, lakin yanğın olmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]