ECO - İqtisadi Əməkdaşlıq təşkilatının Tehranda keçirilən sammitində iştirak edən Türkiyə prezidenti Abdullah Gül təşkilata üzv dövlətlərin birgə səylərinin nəticəsində beynəlxalq iqtisadi böhranın təsirini dövlətlər arası iqtisadi əməkdaşlıqla azaltmaq mümkün olduğunu bildirib. Bu haqda CNN Türk məlumat verib.
"Qloballaşan dünyada bir çox problemlərin həlli təkbaşına mümkün deyil. Buna görə də dövlətlər bir çox sahələrdə və o cümlədən iqtisadi sahələrdə də bir biri ilə əməkdaşlıq etməlidirlər"-deyə Gül bildirib.
Türkiyə prezidenti onu da əlavə edib ki , ECO-ya üzv ölkələr öz aralarında gömrük xərclərini azaltmalıdırlar.
"ECO - İqtisadi Əməkdaşlıq təşkilatına üzv olan ölkələrin birgə səyi nəticəsində bölgədə bir çox problemlərin həllinə və bölgədə sülh və istiqrara xidmət edəcək"-deyə Türkiyə prezidenti Abdullah Gül bildirib. Türkiyə prezidenti onu da bildirib ki , ECO - İqtisadi Əməkdaşlıq təşkilatına üzv ölkələr tez bir zamanda öz üzərlərinə götürdükləri öhdəçiliyi də yerinə yetirməlidirlər.
ECO - İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkə başçılarının sammiti çərşənbə günü Tehranda öz işinə başlayıb. Sammitdə növbəti sammitin yeri və vaxtı dəqiqləşəcək. Bundan başqa, Tehran bəyənnaməsi qəbul olunacaq və sammitin sonunda İran prezidenti çıxış edəcək.
ECO - İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası qurum kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Azərbaycan ECO-ya rəsmi olaraq 1992-cü ildə qəbul olunub. Həmin ildə Mərkəzi Asiya ölkələri də təşkilata üzv olub. Hazırda təşkilatın 10 üzvü var: Türkiyə, Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan.
Sammitdə Azərbaycan, Pakistan, Əfqanıstan, Türkiyə, Tacikistan və İraq ölkələrinin dövlət başçıları, Suriyanın vitse-prezidenti və Qətərin əmiri iştirak edirlər.
Məqalə müəllifi ilə əlaqə : [email protected]