Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir İ.Хəlilova /
Ümumdünya İqtisadi Forumunun (ÜİF) məhsulların sərhəddən azad hərəkəti dərəcəsini özündə əks etdirən reytinqində Azərbaycan mümkün 121 yerdən 70-ci pillədə qərarlaşıb. Liderlər Sinqapur və Honkonq olub. Azərbaycan MDB ölkələri arasında Ukrayna, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanı qabaqlayır.
ÜİF-in hesabladığı beynəlxalq ticarətə cəlbedilmə indeksi bir neçə faktora əsaslanır: daxili və xarici bazarlara çıxış imkanları, sərhəddəki inzibati infrastruktur, gömrük işində səmərəlilik və başqaları. Azərbaycan münbit biznes-mühitə malikdir, buna görə də ölkə bu reytinq üzrə 4,68 indekslə 46-cı yeri tutub. Daxili bazara çıxışda da işlər yaxşıdır (52-ci yer, indeks - 4,07). DB və BMK-nın qiymətləndirmələrinə görə, Azərbaycan 2009-cu ildə bir nömrəli islahatçı ölkə elan edilib ki, bu da biznes mühitinin yaxşılaşdırılması və biznesin aparılması şərtlərinin sadələşdirilməsi istiqamətində böyük yeniliklərlə bağlı olub.
Ancaq ticarətin ölkədəki inkişafı, ÜİF-in qiymətləndirmələrinə görə, "gömrüyün effektivliliyi" kateqoriyası səbəbindən geri qalır. Bu göstərici üzrə ölkə 103-cü yeri tutub (indeks - 2,91). Baxmayaraq ki, respublikada idxala olan maksimal gömrük rüsumu dərəcəsi 15 faiz təşkil edir.
Ancaq böhranın inkişafındakı yüksək qeyri-müəyyənlik, reytinqin lider ölkələrinin öz açıqlıq prinsiplərini dəyişməyəcəyinə inam vermir: artıq çoxları proteksionizmə əl atmağa başlayıblar. Bu proses nəzarətdən çıxsa, bütün dünya ticarəti "qapana" bilər ki, bu da ikinci böyük depressiyanı qaçılmaz edəcək. Bununla yanaşı, Azərbaycan milli istehsalın dəstəklənməsi məqsədi ilə proteksionist siyasətin tətbiqinə ehtiyac duymur.
"Daxili istehsalın və ümumilikdə iqtisadiyyatının inkişafını təmin etmək üçün bu gün Azərbaycanda yetərincə normativ-hüquqi akt var", - Dövlət Gömrük Komitəsində hesab edirlər.
Azərbaycan bu addımı atmaq istəmir, çünki belə siyasət bir tərəfdən milli istehsalın artımı və milli istehsalçının müdafiəsinə, digər tərəfdən iqtisadiyyatda durğunluq hallarına, inhisarçılığın artımına və yerli məhsulların rəqabətqabiliyyətliliyinin azalmasına gətirib çıxara bilər.
ÜİF-də ümid edirlər ki, bazara çıxış sədləri böyük ehtimalla ÜTT-yə qoşulma prosesində aşağı salınacaq. Azərbaycan ÜTT-yə qoşulma üzrə fəal danışıqlar aparır və təşkilatın üzv ölkələri ilə görüşlərin VII mərhələsini keçirib.
Dünya Bankının məlumatına görə, 2009-cu ilin yazına qədər G-20-dəki 17 ölkə yeni proteksionist tədbirlər tətbiq edib. Onların içərisində birincilərdən "amerika malı al" antiböhran kampaniyası ilə ABŞ olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]