Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir Ü.İsmayılova /
2008-ci ilin fevralında ləğv edilmiş "Azər-Asiya" Azərbaycan-İran sığorta şirkətinin azərbaycanlı təsisçiləri məhkəmə orqanlarına müraciət etmədən təsviyyə komissiyasının yaradılması məsələsini həll etmək üçün iranlı təsisçilər ilə növbəti görüş keçirmək niyyətindədirlər. Bu barədə cümə günü "AzərSığorta" (Azərbaycan təsisçisi) şirkəti sədrinin müavini Aftandil Hacıyev bildirib.
"Biz bu məsələni kənar müdaxilə olmadan sakit şəkildə həll etmək istəyirik", - Hacıyev bildirib.
Onun sözlərinə görə, "AzərSığorta" şirkətinin rəhbərliyi də təsviyyə komissiyasının yaradılması məsələsini həll etmək üçün İranın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirmək niyyətindədir.
"İranlı təsisçilər və səfirliyin nümayəndələri ilə görüşlərin keçirilməsinin dəqiq tarixi hələ ki, müəyyən olunmayıb", - Hacıyev bildirib.
"Məhkəmə instansiyalarına müraciət olunmasına dair qərar avqustun 31-də şirkətin təsisçilərinin İran tərəfinin "Azər-Asiya"nın ləğv edilməsindən imtina etməsi ilə əlaqədar keçirilən növbədənkənar iclası zamanı qəbul edilib", - şirkətin İdarə Heyətinin sədri Qəmbər Suvanverdiyev deyib.
Onun sözlərinə görə, şirkətin ləğvi dövründən təxminən il yarım keçib, lakin İran tərəfinin şirkətin fəaliyyətinin dayandırılması faktı ilə razılaşmaması ilə əlaqədar olaraq təsviyyə komissiyası hələ də yaradılmayıb.
Azərbaycan Maliyyə Nazirliyi hələ keçən il "Azər-Asiya" birgə sığorta şirkətinə 21 noyabr 2002-ci ildə sığorta fəaliyyətinə verilmiş lisenziyanın fəaliyyət müddətinin uzadılmasından imtina edib. Fəaliyyət müddətinin prolonqasiyasından imtina üçün səbəblər 2006-cı il oktyabrın 1-dən 2007-ci ilin oktyabrına qədər olan dövr ərzində şirkətin fəaliyyətinin sığorta qanunvericiliyi və lisenziya tələblərinə uyğunluğunun analizlərinin nəticələri olublar. Yoxlamalar zamanı pozuntu halları aşkarlanıb.
Bu qərarın elan edilməsindən sonra şirkət portfelini müqavilə şərtlərini dəyişdirmədən digər şirkətə - BE&G-yə verib. Bu vaxt şirkətin təxminən 17 min fiziki və 60 korporativ müştərisi olub.
"Azər-Asiya" birgə sığorta şirkəti Azərbaycanın sığorta bazarında 1997-ci ildən fəaliyyət göstərib. Şirkətin təsisçiləri İranın "Asiya Sığorta" (49 faiz) və Azərbaycanın "AzərSığorta" dövlət sığorta kommersiya şirkətidir (51 faiz).
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]