Azərbaycan, Bakı, 05 mart / Trend /
2010-cu il martın 17-də Asiya Ölkələri Kredit İttifaqlarının Konfederasiyası Assosiasiyasının (ACCU) Hindistanda keçiriləcək 69-cu illik toplantısında Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) bu qurumun üzv qəbul edilməsi məsələsinin müzakirə olunacağı gözlənilir. Bu barədə AKİA-nın cümə günü yayılan məlumatında deyilir. AKİA bununla əlaqədar 2009-cu ilin sonunda ACCU-ya müraciət etmişdi.
Bununla əlaqədar, AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov ACCU-nun növbəti 2010-cu il sentyabrın 4-dən 10-dək Koreyada keçirləcək illik konfransına dəvət alıb.
"Beynəlxalq təşkilata üzvlük assosiasiya üçün böyük imkanlar yaradır, belə ki, beynəlxalq qurumlara üzvlük beynəlxalq standartların öyrənilməsinə kömək edir. Hər şeydən əvvəl beynəlxalq səviyyədə kredit ittifaqlarının beynəlxalq təcrübəsi öyrənilir və xarici donorlardan ölkəmizə kredit cəlbi asanlaşır", - məlumatda deyilir.
ACCU kredit ittifaqlarının beynəlxalq təşkilatı kimi 1971-ci il aprelin 28-də təsis edilib. ACCU Asiyanın 26 ölkəsinin 20,5 milyona yaxın üzvü olan 16 000-dən çox kredit ittifaqlarına və 17 filial şəklində fəaliyyət göstərən təşkilatlara xidmət göstərir. ACCU-nun qərargahı Taylandın Banqkok şəhərində yerləşir. Təşkilatın əsas məqsədi Asiya ölkələrində yerləşən kredit ittifaqlarının cəmiyyətin sosial-iqtisadi inkişafında güclü fəaliyyətinə və onun genişləndirilməsinə yardım göstərməkdən ibarətdir.
AKİA 2003-cü ildə yaradılıb. AKİA kredit ittifaqlarının həm regional, həm də beynəlxalq səviyyələrdə genişləndirilməsi, yeni kredit ittifaqlarının (Kİ) yaradılmasında birgə fəaliyyət, Kİ-nin işinin yaxşılaşdırılması, Kİ-nin üzvləri üçün təlimlərin keçirilməsi, Kİ-nin donor təşkilatlarla əlaqələrinin yaradılması, habelə onların hüquqlarının qorunması və fəaliyyətləri ilə əlaqədar qanunvericilik lobbiçiliyinin həyata keçirilməsi və s. kimi məqsədləri qarşısına qoyur.