Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən keçirilən növbəti monitorinq vəhşi və ev quşlarında "quş qripi" virusuna yoluxma faktlarını aşkar etməyib. Bu barədə Baytarlıq Xidmətinin cümə günü yaydığı məlumatda deyilir. Monitorinq martın 29-da başlayıb.
"Monitorinq çərçivəsində xidmətin əməkdaşları 26 vəhşi və doqquz ev quşundan götürülmüş patoloji materialların nümunələrinin analizini və 1487 ev quşunun qan analizlərini aparıblar", - məlumatda bildirilir.
Monitorinqlər Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarında, həmçinin, respublikanın digər sahil zonalarında keçirilib.
"Quş qripi" virusunun profilaktikası məqsədilə monitorinqlər baytarlıq xidməti, səhiyyə, ekologiya və təbii ehtiyatlar nazirliklərinin, həmçinin, Ovçular Cəmiyyətinin mütəxəssislərinin birgə iştirakı ilə keçirilib.
Baytarlıq Xidməti köçəri quşlardan yoluxmanın mümkünlüyünü nəzərə alaraq, monitorinqləri gələcəkdə də davam etdirmək niyyətindədir. Növbəti monitorinq mayın 10-da, köçəri quşların miqrasiyası dövründə başlayacaq.