Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.Xəlilov/
BANKING & FINANCE 2010 - VI Xəzər Beynəlxalq Konfrans və Sərgisi dünya maliyyə böhranı şəraitində aktual problemlərin və mövzuların müzakirəsi üçün yaxşı poliqon ola bilər. Bunu çərşənbə axşamı Bakıda Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov eyniadlı konfransın açılışında deyib.
Konfrans və sərginin təşkilatçısı "Iteca Caspian" şirkətidir.
"2009-cu il Azərbaycan iqtisadiyyatı üçün ciddi sınaq oldu. Lakin bununla yanaşı, beynəlxalq maliyyə təşkilatları etiraf edirlər ki, Azərbaycan böhrana necə yaxşı hazırlaşmışdısa, elə də onun öhdəsindən gəldi", - Rüstəmov bildirib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatının resessiyası dövründə Azərbaycan iqtisadi artımın yüksək tempini təmin edib və bu göstərici üzrə aparıcı mövqe tutur.
"Dünya böhranı dövründə Azərbaycan əsas diqqətini maliyyə sabitliyinin təminatına yönəldib. Bank sektorunun bu cür gözlənilməyən yüksək artım tempində - 9-10 dəfə - problemlər qaçılmaz idi. Böhran bu prosesi sürətləndirə bilərdi. Lakin Mərkəzi Bank bank sektorunu vaxtında xəbərdar etdi və artım tempinin genişləndirilməsi zamanı daha konservativ siyasətə çağırdı", - Rüstəmov deyib.
Onun sözlərinə görə, dünya prosesləri göstərdi ki, böhranın sürətlənməsinin əsas göstəricisi xarici borclar olub. Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı iqtisadi metodlarla onların ölkənin bank sektoruna cəlb olunmasını məhdudlaşdırdı. Görülən tədbirlər nəticəsində böhranın əvvəlində bank passivlərində xarici borcların xüsusi çəkisi 18 faizi ötmədi.
"Mərkəzi Bank haqqında" qanuna dəyişikliklərin olunması nəticəsində banka meqa-tənzimləyiçi statusu verilib ki, bu da böhran dövründə həm bank sektorunun, həm də real sektorun saxlanılmasına imkan yaradıb", - Rüstəmov deyib.
"Biz ARDNŞ və "Azəralüminium" SC kimi sistemli müəssisələrdə vəziyyətin sabitləşməsi üçün ciddi yardım göstərdik. Bankların və sığorta şirkətlərinin kapitallaşmaya yönəldilən mənfəət vergisindən azad olunması, bank əmanətlərinin sığorta ödənişlərinin beşqat artırılması və banklarda ehtiyatların saxlanmasına tələbin artırılması ölkədə maliyyə sabitliyinin təminatında mühüm rol oynadı. Nəticədə, əgər 2009-cu ilin birinci rübündə ölkənin bank sektorunda artım tempinin genişləndirilməsi ilə bəzi yubanmalar müşahidə olunurdusa, 2009-cu ilin yekunları üzrə kredit portfelinini 17 faiz artması, uzunmüddətli depozitlərin isə 30 faiz artması müşahidə olunub", - Rüstəmov deyib.
Onun fikrincə, problemli kreditlər strukturunda da, onların artımına baxmayaraq, ciddi dəyişikliklər müşahidə olunmur. Ümumi kredit portfelində onların payı 4 faiz, qeyri-standart borcların payı 8 faiz civarındadır.