PremiumVergi güzəştləri Azərbaycanda həyat sığortasının inkişafına xidmət edir - Dövlət Sığorta Nəzarəti Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2010 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.Xəlilova/

2010-cu ilin sonları, 2011-ci ilin əvvəllərində Azərbaycan Maliyyə Nazirliyi ölkənin sığorta bazarında həyat sığortası üzrə ixtisaslaşmış minimum ikidən dördə qədər şirkətin olacağını gözləyir. Bunu çərşənbə günü Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.

"İxtisaslaşmış şirkətlərin olması sığortanın bu istiqamətinin inkişafına təkan verir", - Xəlilov bildirib. - "Artıq bu il biz keçən il ilə müqayisədə həyat sığortası üzrə artım gözləyirik, gələn ildən isə bu proses daha fəal həyata keçiriləcək".

Onun sözlərinə görə, hazırda həyat sığortası üzrə şirkətin yaradılması ilə bağlı nazirliyə müraciət daxil olmayıb, lakin bu istiqamətdə maraq artır. Həyat sığortası üzrə ayrı-ayrı şirkətlərin yaradılması "Sığorta haqqında" qanunda nəzərdə tutulub. Bu gün bazarda bu istiqamətdə hələlik bir şirkət - "Atəşgah Sığorta" tərəfindən təsis olunmuş "Atəşgah Həyat" fəaliyyət göstərir.

"Bu cür ixtisaslaşmış şirkətlərin təsis olunması üzrə istək və maraq hələlik qeyri-rəsmi formada özünü büruzə verir və bu məsələ ilə fəal maraqlananlar qanunvericiliklə tanış olur", - Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri bildirib.

2008-ci ilin martında qüvvəyə minmiş "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq, sığorta şirkətlərinə həyat sığortası üzrə müqavilələrin bağlanması məqsədilə xidmətlərin başa çatdırılması üçün üçillik vaxt ayrılıb. Sığortanın bu növü üzrə müqavilələrin bağlanması yalnız bu məqsəd üçün yaradılmış ayrı-ayrı qurumlar çərçivəsində mümkün olacaq.

Hazırda Azərbaycanda sığorta bazarında həyat sığortasının payı bir faizdən az təşkil edir.

"Həyat sığortasının inkişaf prosesi çox mürəkkəbdir, belə ki, başqa ölkələrin təcrübəsi bunu göstərir. Lakin bu mexanizm qurulanda çox çevik inkişaf edir. Həyat sığortası uzunmüddətlidir, müqaviləni imzalayan şəxs uzun illər sığorta haqqı ödəyir ki, bu da sığortanın bu növü üzrə tədiyələrin ümumi həcminin artmasına gətirib çıxarır", - Xəlilov deyib.

"Qərbi Avropada və ya inkişaf etmiş bazarları olan digər ölkələrdə həyat sığortası üzrə tədiyənin payı orta hesabla sığorta haqlarının ümumi həcminin 55-60 faizini təşkil edir. Zənnimcə, bizi də belə tendensiya gözləyir, çünki ölkədə yığım sığortası müqavilələri üzrə (işəgötürənlər, fiziki şəxslər üçün) vergi güzəştlərinin tətbiqinə başlanılıb", - Xəlilov deyib.

Digər ölkələrin təcrübəsinə əsasən, həyat sığortasının inkişaf mexanizminin tətbiqi vergi güzəştlərindən başlayıb. İlkin mərhələdə bunlar kifayət qədər mühüm olub və bazar inkişaf etdikcə güzəştlər sıfıra kimi azaldılıb.

Xəbər lenti

Xəbər lenti