Azərbaycan, Bakı, 27 may /Trend, müxbir A.Bədəlova/
Vahid Avropa valyutası avronun yaradılması böyük uğurdur. Lakin bu, Avropa iqtisadiyyatını ikiqütblü valyuta sisteminə bölür. Bu barədə Kolumbiya Universitetinin professoru, 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, optimal valyuta zonaları nəzəriyyəsinin banisi Robert Mandell Bakıda keçirilən "Regionlararası bank əməkdaşlığı: etibarlı maliyyə gələcəyi" adlı konfransda bildirib.
"Avronun meydana çıxması, praktik olaraq, Böyük Britaniya, Norveç, Şimali Afrika ölkələri, hətta Qafqaz və Orta Asiya ölkələri üçün nəhəng problemlər yaratdı", - Mendell deyib. - "Avro və dolların mübadilə məzənnələrindəki tərəddüdlər böyük ziyan vurur".
Onun fikrincə, belə vəziyyətlərdə, məsələn, Avropa ilə Amerika arasında, eləcə də mərkəzi banklar arasında razılaşmalar, bir valyuta səbətindən istifadə kimi bir sıra yanaşmalar mümkündür. "Lakin hesab edirəm, dollar zonasının azaldılması ən yaxşı həll olaradı", - Mandell deyib.
Avropadakı hazırkı problemlərdən danışarkən o bildirib ki, avrozona üçün ən yaxşı qərar Avropa borclarının birləşdirilməsi olardı (Avropa regionunda problemlərin dərinləşməsi Ümumavropa valyutasının ötən ilin payızından başlayan sürətlə enişini tutub-saxlamaqda davam edir. Cənubi Avropadakı hadisələr fonunda sərmayədarlar nəinki Yunanıstanda böhranın tezliklə başa çatacağına inanmırlar, həm də bütün avrozonada yeni ciddi problemlər dalğası ilə bağlı narahatlıqlarını ifadə edirlər.)
Mandell dünya maliyyə böhranından danışarkən bildirib ki, hazırkı (2008-2009-cu illər), eləcə də bundanəvvəlki digər böhranların əsas səbəbi dolların məzənnəsindəki nəhəng tərəddüdlərdir.
"Dünyanın böyük hissəsinin çevik valyuta məzənnələrindən xoşu gəlmir, lakin çevik valyuta məzənnələri dollardan öz valyutasının əvəzləyicisi kimi istifadə etməyə imkan verərdi ", - Nobel mükafatı laureatı deyib.
Konfransa bütün Avropa ölkələrinin bank assosiasiyalarının, MDB bank assosiasiyalarının üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, dövlət hakimiyyəti orqanlarının rəhbərləri dəvət ediliblər.
Konfrans başa çatdıqdan sonra, mayın 28-də ABF-nin assosiativ üzvlərinin 30-cu iclası keçiriləcək.