...

Azərbaycanda keyfiyyətsiz süd və kolbasa məmulatları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2010 20:10 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında süd məhsullarının keyfiyyəti ilə bağlı apardığı monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən "Səhliyalı" kiçik müəssisəsinin istehsalı olan yağın keyfiyyətinin etiket göstəricilərinə uyğun olmadığı aşkar edilib.
Azərbaycanda keyfiyyətsiz süd və kolbasa məmulatları aşkarlanıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında süd məhsullarının keyfiyyəti ilə bağlı apardığı monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən "Səhliyalı" kiçik müəssisəsinin istehsalı olan yağın keyfiyyətinin etiket göstəricilərinə uyğun olmadığı aşkar edilib. Bu barədə nazirliyin məlumatında deyilir.

Belə ki, məhsulun etiketinə əsasən tərkibində kərə yağının miqdarı 52,5 faiz təşkil etdiyi halda, laborator müayinə zamanı bu məhsulun tərkibində ümumiyyətlə kərə yağı aşkar edilməyib. Bundan başqa, qüvvədə olan normativ sənədlərə əsasən, bu yağ "qarışıq kərə yağı" kimi etiketlənməli olduğu halda, müəssisə tərəfindən məhsulun üzərində iri formatda "HALAL KƏRƏ YAĞI", kiçik həflərlə isə "qarışıq" sözü yazılmaqla, istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar, Dövlət Xidməti "Səhliyalı" kiçik müəssisəsində yoxlamaya başlayib. İlkin araşdırmalar zamanı müəssisədə istehsal edilən "BS" əmtəə nişanlı əla növ bişmiş"Südlü", "Doktorskaya" və "Lyubitelskaya" kolbasalarının və əla növ "Manqalüstü" sosiskanın, yağlılığı 1,4% olan ayranların, 15% və 25% yağlılıqlı xamaların, "Səhliyalı" brınza pendirlərinin etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, "1000 bərəkət, halal nemət" əmtəə nişanlı əla növ "Ovçu", "BS" əmtəə nişanlı əla növ "Doktorskaya" kolbasalarının müvafiq resepturalar olmadan istehsal edildiyi müəyyən olunub.

Eyni zamanda, müəssisədə satış üçün nəzərdə tutulmuş, lakin normativ sənədlərə əsasən vaxtı ötmüş 362,7 kq ət məhsulları, habelə məhsul istehsalında istifadə olunan vaxtı ötmüş 19 kq inqridiyentlər aşkar edilib.

Müəssisədə istehsal olunan ət və süd məhsullarından, habelə bu məhsulların istehsalı üçün istifadə olunan xammallardan nümunə götürülərək laborator müayinəyə göndərilib.

Xəbər lenti

Xəbər lenti