Azərbaycan, Bakı, 17 iyun /Trend/
Çərşənbə günü Bakının Novxanı qəsəbəsində Çexiyanın DESTILA Brno şirkətinin işə saldığı BAKI-PRAQA pivə zavodunun rəsmi açılış mərasimi keçirilib. Bu barədə Çexiyanın Azərbaycandakı Səfirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.
Sənəddə qeyd olunur ki, pivə zavodunun istehsal gücü ildə 1,5 milyon litr təşkil edir. Keyfiyyətli Plzen tipli çex pivəsi hazırlanarkən çex texnologiyasından, çex reseptlərindən, eləcə də Çexiyadan gətirilmiş xammaldan - maya, mayaotu toxumu və s. istifadə olunacaq. Pivələrin şüşə qablara tökülməsi üçün avadanlıqlar da Çexiyanın PALI şirkəti tərəfindən təqdim olunub.
"Azərbaycan Çexiyanın ən perspektivli ticarət tərəfdaşıdır. Qədim ənənələrə malik qarşılıqlı əməkdaşlığın gələcək inkişafı üçün bütün əsas lazım olan şərtlər mövcuddur", - Çexiya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Radek Matula pivə zavodunun açılışında bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda investisiyaların qarşılıqlı təşviqi və müdafiəsi haqda hökumətlərarası sazişin imzalanmasına hazırlıq başa çatacaq.
"Beləliklə, qarşılıqlı əlaqələrimizin müqavilə-hüquqi bazası sahibkarlar üçün çox vacib olan sənədlə tamamlanacaq", - səfir bildirib.
Matulanın sözlərinə görə, çex və Azərbaycan şirkətləri qarşılıqlı ticarətdə maraqlıdırlar.
"Çex bankları Çexiya Dövlət Sığorta Cəmiyyətinin iştirakı ilə əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi sxemlərinə və çex mallarının, avadanlıqlarının alınmasında azərbaycanlı sifarişçilərə kreditlərin verilməsi məsələsinə baxmağa hazırdır", - səfir qeyd edib.