...

Azərbaycan və İİB məişət tullantılarının emalı üzrə zavodun tikilməsi məqsədilə kredit razılaşması imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2010 15:23 (UTC +04:00)
Azərbaycan hökuməti və İslam İnkişaf Bankı (İİB) cümə axşamı Bakıda məişət tullantılarının emalı üzrə zavodun tikilməsi üçün 150 milyon avronun ayrılması barədə kredit razılaşması imzalayıblar.
Azərbaycan və İİB məişət tullantılarının emalı üzrə zavodun tikilməsi məqsədilə  kredit razılaşması imzalayıblar

Azərbaycan, Bakı, 24 iyun /Trend, İ.Xəlilova/

Azərbaycan hökuməti və İslam İnkişaf Bankı (İİB) cümə axşamı Bakıda məişət tullantılarının emalı üzrə zavodun tikilməsi üçün 150 milyon avronun ayrılması barədə kredit razılaşması imzalayıblar.

Kredit 15 ilə verilib.

Zavodun tikintisinin ümumi dəyəri 346 mln avro dəyərində qiymətləndirilir. Onun 36 ay ərzində tikilməsi planlaşdırılıb. Tikinti işlərinin maliyyələşdirilməsi hazırda büdcə vəsaitləri hesabına aparılır.

Tikintinin podratçısı qismində Fransanın CNIM şirkəti çıxış edir. Şirkət bu sahədə böyük təcrübəyə malikdir. O, dünyada məişət tullantılarının yandırılması üzrə 120-dən çox zavod tikib. Zavod əlavə 2 il olmaqla (nöqsanların müəyyənləşdirilməsi dövrü) üç il ərzində tikiləcək.

Zavod istismara verildikdən sonra, Bakıda zibili və onun çəkisini üç dəfə azaltmaq mümkün olacaq.

Məişət tullantılarının yandırılması üzrə zavod  Balaxanı qəsəbəsindəki 20 hektarlıq ərazidə tikilir. Zavodun gücü ildə 500 min ton təşkil edəcək. Bundan başqa, zavod yandırma üçün ildə 10 min ton həcmində tibbi tullantıları da qəbul edəcək. Tullantıların yandırılması nəticəsində, 231,5 mln kilovat/saat həcmində elektrik enerjisi istehsal ediləcək. İstehsal olunan enerji şəhər şəbəkəsinə göndəriləcək. Zavod 2012-ci ilin sentyabrında istismara veriləcək.

Elektrik enerjisinin ötürülməsi və tariflərlə bağlı məsələlər zavod istismara verilənədək müzakirə ediləcək.

Zibilyandırma zavodu elektrik enerjisinin istehsalı üzrə 250 min tonluq iki xəttə malik olacaq. Təqdim olunan layihəyə əsasən, zavodun gücü gələcəkdə daha 250 min ton artırıla bilər. Tullantıların yandırılması zamanı əmələ gələn kül yol nəqliyyatı tikintisində istifadə oluna bilər.

Hazırda Bakı və Abşeronda yaranan məişət tullantılarının 80 faizi basdırılmaq üçün Balaxanı poliqonuna göndərilir.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi 2008-ci ildə Fransanın CNIM şirkəti ilə "turn-key" tipi üzrə müqavilə bağlayıb. Müqavilə DBO (Design - Build - Operate) prinsipi üzrə həyata keçiriləcək. Bu o deməkdir ki, zavodun layihələşdirilməsi, tikintisi və idarə edilməsi üzrə məsuliyyət bir icraçı - CNIM-in üzərinə düşür.

İİB ilə cümə axşamı imzalanan iki razılaşman nəticəsində, İİB-in Azərbaycandakı kredit portfeli 40 layihə üzrə 850 mln dollar təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti