...

ÜTT-yə daxilolma məqsədilə aparılan islahatlar Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2010 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması çərçivəsində apardığı islahatlar ölkənin özəl sektoruna müsbət təsir göstərir. USAİD-in "Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı" çərçivəsində ÜTT üzrə yerli ekspert Elxan Mikayılov belə hesab edir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) "Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı" çərçivəsində avqustun 1-də "ÜTT-yə daxilolma çərçivəsində Azərbaycanda aparılan islahatlar və onların özəl sektora təsiri" mövzusunda seminar keçirib.

"ÜTT-yə daxilolma özəl sektora və ölkə əhalisinə müsbət təsir göstərən bəzi islahatların aparılmasını tələb edir. Bu, Azərbaycanda qabaqcıl təcrübənin tətbiqini və bazar iqtisadiyyatının inkişaf etməkdə olan mərhələsindən iqtisadiyyatın inkişaf etmiş mərhələsinə keçidi də təmin edəcək", - Mikayılov qeyd edib.

Onun sözlərinə görə, ÜTT-yə daxilolma çərçivəsində aparılan islahatların əsas istiqamətləri tarif siyasəti, qanunvericilik, xidmətlər sektoru və kənd təsərrüfatı sektorudur. Onun fikrincə, Azərbaycana ÜTT-yə üzv olmaq lazımdır, daxilolma çərçivəsində ölkədə aparılan islahatlar isə ölkə iqtisadiyyatının inkişafında müsbət rol oynayacaq.

USAİD-in "Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı" iki komponentdən ibarətdir: Azərbaycanın ÜTT-yə daxil olmasına dəstək, ölkədə ticarət və investisya mühitinin yaxşılaşdırılması. Layihənin həyata keçirilməsi cari ilin payızında başa çatır.

Hazırda Azərbaycan ABŞ, Yaponiya, Braziliya, Ekvador, Şri-Lanka, Avropa İttifaqı, Norveç, Hindistan, Cənubi Koreya, Çinin Tayvan vilayəti ilə danışıqlar prosesindədir. 2009-cu ildə bu siyahıya İsveçrə də qoşulub.

Bugünədək Azərbaycan Türkiyə, Oman Sultanlığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstanla danışıqları başa çatdırıb və protokollar imzalanıb. Ölkə, hələ sənədləri nəzərdən keçirən Moldova ilə protokolun imzalanması mərhələsindədir, Qırğızıstan isə imzalanmaya razılıq verib.

Bu yaxınlarda ÜTT Katibliyi Azərbaycan üzrə işçi qrupun tərkibini genişləndirib və ora daha 4 ölkə - Ukrayna, Braziliya, Ekvador və İsveçrəni əlavə edib. Nəticədə, işçi qrupun üzvlərinin sayı, Aİ-nin 27 ölkəsi də daxil olmaqla, 32-yə çatıb.

ÜTT Katibliyi yanında Azərbaycan üzrə işçi qrup 1997-ci il iyulun 16-da yaradılıb.

Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti