...

Azərbaycan bankı "DəmirBank" "Blizko" pulköçürmə sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2010 20:43 (UTC +04:00)
Azərbaycan bankı "DəmirBank" "Blizko" pulköçürmə sisteminə qoşularaq əhaliyə təcili pulköçürmə xidmətlərini genişləndirib.
Azərbaycan bankı "DəmirBank" "Blizko" pulköçürmə sisteminə qoşulub

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycan bankı "DəmirBank" "Blizko" pulköçürmə sisteminə qoşularaq əhaliyə təcili pulköçürmə xidmətlərini genişləndirib. Bu barədə bankın rəsmi saytında dərc edilən məlumatında deyilir.

Rusiya, Ukrayna, Qazaxıstan və digər MDB ölkələrində 6 mindən çox bank ofislərində "Blizko" təcili pulköçürmə sistemi ilə müştərilər pul vəsaitlərini göndərə və ala bilərlər. "Blizko" sistemi müştərilərə ABŞ dolları, avro və Rusiya rublu valyutalarında köçürmələrin həyata keçirilməsinə imkan yaradır.

Təcili pulköçürmə xidmətlərini "DəmirBank"ın Bakı və regionlarda 29 filialı göstərir. Bank "Western Union", "Bıstraya Poçta", "Zolotaya Korona", "Coinstar" və "Blizko" sistemləri ilə ümumilikdə 200-dək ölkə üzrə pulköçürmə xidmətləri təklif edir. Bank həmçinin özünün "Şimşək" sistemi ilə ölkədaxili pul köçürmələri həyata keçirir.

"Təcili pulköçürmə xidmətlərinin və onların həcminin artımı "DəmirBank" üçün müştəri xidmətləri sahəsində prioritet vəzifələrdən biridir. Bu məqsədlə Rusiya və MDB ölkələri məkanında geniş yayılmış "Blizko" sistemi üzrə xidmətlər təklif etməyə başladıq. Bank yaxın gələcəkdə digər köçürmə sistemlərinə qoşulmağı da nəzərdə tutur. Köçürmə xidmətlərinin genişləndirilməsi ilə yanaşı, həmçinin əlavə stimullaşdırıcı tədbirlərdən istifadə etməyi nəzərdə tuturuq", - Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

"DəmirBank"ın 149 Telefon Məlumat Mərkəzi təcili pul köçürmələri üzrə məlumat xidmətləri təklif edir. Bu xidmət müştəriyə banka gəlməzdən əvvəl evdən və ya ofisdən 149 telefon nömrəsinə zəng etməklə ona göndərilmiş pul köçürməsinin daxil olmasını və müvafiq filialı dəqiqləşdirə bilər.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti