...

AYİB Azərbaycan üzrə yeni strategiyanı müzakirəyə çıxarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2010 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir E.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2011-2013-cü illəri əhatə edəcək Azərbaycan üzrə yeni strategiyanı müzakirəyə çıxarıb. Bu barədə cümə günü AYİB-in məlumatında deyilir.

AYİB-in rəsmi saytında yerləşdirilən strategiyanın ilkin versiyasına əsasən, bank bundan sonra da Azərbaycanı islahatların həyata keçirilməsi və investisiya mühitinin yaxşılaşdırılması üzrə səylərini dəstəkləyəcək.

"Bankın operativ prioritetləri özəl sektorun neft hasilatı sənayesindən kənarda ümumi inkişafını, maliyyə sektorunda strukturların yenidən qurulması və möhkəmlənməsini, şəffaflıq və korporativ idarəetməni, eləcə də ölkə infrastrukturunun bərpasını və ya modernləşdirilməsini əhatə edəcək", - strategiyada deyilir.

"Multidor fondu vasitəsilə verilən qrantlı maliyyələşmə bankın əvvəlki strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb", - məlumatda deyilir.

"Bu rol, çox güman ki, gələcəkdə dəyişməz qalacaq. Bank layihələrin hazırlanması və həyata keçirilməsi, leqallaşdırılması, institutlaşdırılması üçün qrantların ayrılması vasitəsilə donor dəstəyinin genişləndirilməsinə çalışacaq", - strategiyada qeyd olunub.

Bank zəmanət verir ki, Azərbaycandakı bütün əməliyyatlar bankın ekoloji və sosial siyasətinə, eləcə də əməyin milli standartlarına uyğun olacaq. Müştərilərin bu standartlara əməl etmələrində köməyin göstərilməsində tədbirlər də görüləcək.

2009-cu ildə AYİB Azərbaycanda doqquz layihəyə, orta hesabla, 232 milyon dollar sərmayə yatırıb. AYİB 2010-cu ildə Azərbaycanda 10 layihəni imzalamağı planlaşdırıb. Cari ilin ilk rübündə bank "Elcell" brendi ilə fəaliyyət göstərən Azərbaycanın aparıcı simsiz internet provayderi "DataCELL" şirkətinin səhmlər kapitalının maliyyələşməsinə dörd milyon dolların ayrılması barədə müqavilə imzalayıb.

AYİB kənd təsərrüfatına, pərakəndə satışa, eləcə də maliyyə sektoruna qoyulacaq bəzi sərmayələri nəzərdən keçirir. Bank Azərbaycanda infrastrukturun maliyyələşdirilməsinə də səy göstərir. O, sektorlu islahatlara, infrastruktur layihələrin maliyyələşməsinə, korporativ və bank sektorlarına köməyə istiqamətlənib.

Bank islahatlar sahəsində həm dövlət, həm də özəl sektorlarla işləyəcək, eləcə də hökumətlə sərmayə mühitinin yaxşılaşdırılması üzrə siyasi dialoqu davam etdirəcək. O, əsas infrastruktur layihələri, xüsusilə də enerji sektorundakı layihələrin inkişafını maliyyələşdirməkdə davam edəcək.

Bank korporativ sektora kömək məqsədilə yerli sahibkarlarla, bank və xarici sərmayədarlarla iqtisadiyyatın diversifikasiyalaşdırılması, beynəlxalq səviyyədə standartların yaxşılaşdırılması da daxil olmaqla işləyəcək.

Bank sektorunun inkişafı özündə gələcəkdə rəqabətin möhkəmləndirilməsini, kənd yerlərində maliyyə xidmətlərinə daxilolmanın stimullaşdırılması və qeyri-bank maliyyə xidmətlərinin inkişafı üzrə bəzi tədbirləri birləşdirir.

Cari ildə bank 2009-cu ilə nisbətən daha çox sərmayə yatırmağı planlaşdırıb. Bank Azərbaycan iqtisadiyyatının bank və real sektorlarına - kiçik və orta sahibkarlığa, elektrik enerjisi sektorlarına sərmayələri iki dəfə artırmaq niyyətindədir. Bank bunları 5 ildən 15 ilədək uzunmüddətli maliyyələşmə hesabına etmək fikrindədir.

AYİB, ümumilikdə, Azərbaycanda 114 layihənin həyata keçirilməsinə 1,05 milyard avro yatırıb və bununla bağlı 5,6 milyard avro məbləğində maliyyələşmənin cəlb edilməsi təşkil edilib. AYİB-in hazırkı portfeli 663 milyon avro təşkil edir. Onlardan 69 faiz artıq xərclənib. Bununla yanaşı, xərclənən kreditlərdən banka 283,4 milyon avro qaytarılıb.

AYİB - vəsaitlərinin Mərkəzi Avropa və Mərkəzi Asiyanın 30 ölkəsində demokratiya və bazar iqtisadiyyatının bərqərar olması üçün istifadə edilən bankdır. Onun sahibi 61 ölkə və iki beynəlxalq təşkilatdır.

Xəbər lenti

Xəbər lenti