...

AİB-in Azərbaycanda yeni nümayəndəsi təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2010 14:18 (UTC +04:00)
Asiya İnkişaf Bankı Olli Norojononu Azərbaycandakı nümayəndəliyinin yeni direktoru təyin edib. Onun namizədliyi oktyabrın sonlarında ölkə hökuməti tərəfindən bəyənilmişdi.
AİB-in Azərbaycanda yeni nümayəndəsi təyin olunub

Azərbaycan, Bakı, 01 noyabr /Trend, müxbir N.İsmayılova/

Asiya İnkişaf Bankı (AİB) Olli Norojononu Azərbaycandakı nümayəndəliyinin yeni direktoru təyin edib. Onun namizədliyi oktyabrın sonlarında ölkə hökuməti tərəfindən bəyənilmişdi. Bu barədə AİB-in bazar ertəsi yayılan məlumatında deyilir.

Norojono noyabrın ortalarında ölkəyə 3-4 həftəlik səfər edəcək, 2011-ci ilin yanvarından isə Azərbaycana köçəcək.

Bundan əvvəl Norojono AİB-də Mərkəzi və Qərbi Asiya regionu üzrə nəqliyyat sahəsində baş iqtisadçı postunu tutub.

2006-cı ilin oktyabrından AİB-in Azərbaycandakı nümayəndəliyi rəhbərsiz qalıb.

2007-ci ilin sentyabrınadək Asiya bankının dövlət zəmanətləri altında maliyyələşdirdiyi layihələrin ümumi portfeli 104 milyon dollar təşkil edib.

AİB 1999-cu ildən Azərbaycan hökuməti ilə əməkdaşlığa başladıqdan bəri üç layihə maliyyələşdirib. Lakin nəqliyyat layihələrinin maliyyələşdirilməsi məqsədi ilə "Multitranche Financing Facility" (MFF) mexanizminin təsdiqlənməsi nəticəsində portfel 304 milyon dollaradək artıb. Eləcə də bank 2008-ci ildə enerji layihəsinə 160 milyon dollar və yol layihəsinə 55,4 milyon dollar olmaqla iki kreditin verilməsi haqda qərar qəbul edib. Nəticədə AİB-in Azərbaycan üzrə 519,4 milyon dollar həcmində ümumi portfeli formalaşıb. Su sektoru üçün kreditin təsdiqlənməsindən sonra o, 964,4 milyon dollar həcmində olub.

Dövlət zəmanəti altında maliyyələşmənin həcmini artması ilə yanaşı Asiya bankı Azərbaycanın bank sektorunun birbaşa maliyyələşdirilməsi üzrə əsas tərəfdaşa çevrilib.

Bu gün Asiya bankı tərəfindən Azərbaycan bankları üçün 56 milyon dollar həcmində kredit xətti təsdiqlənib. Lakin ölkənin bank sektorunun portfelinin 120 milyon dollaradək genişləndirilməsi üzrə planlar dünyadakı iqtisadi proseslərlə bağlı hələ də ləngiyir.

Sement zavodu üçün kredit Azərbaycanın özəl sektorundakı infrastruktura AİB-in ilk kapital qoyuluşu olub.

AİB 1966-cı ildə təsis olunub və 67 üzvü var. Bankın mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Azərbaycan 1999-cu il dekabrın 22-də Asiya bankının üzvlüyünə qəbul edilib, bank kapitalında ölkənin iştirak payı 0,5 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti