...

Azərbaycanda 100 faizlik xarici kapitalla ilk sığorta şirkəti yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2010 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir A.Axundov/

Sığorta şirkəti "AIG Caspian Insurance" MMC-nin (ABŞ-ın "Chartis AIG Insurance" sığorta şirkətinin Azərbaycanda törəmə şirkəti) təsisçilərinin qərarı ilə şirkətin adı dəyişdirilərək "Çartis Azərbaycan" adlandırılıb. Bu barədə Azərbaycan Maliyyə Nazirliyi nəzdində Dövlət Sığorta Nəzarəti Xidmətinin cümə axşamı saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, həmin dəyişiklik Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 2010-cu il 15 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.

Trend-ə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Mahir Abdullayevin dediyinə görə, şirkətin adının dəyişdirilməsi "AIG Caspian Insurance"in səhmlər paketinin 100 faizinin ABŞ-ın "Chartis" şirkətinə verilməsi ilə əlaqədardır. İndiyədək ABŞ təsisçisi "AIG Caspian Insurance" yarandığı anda qanunvericiliyin tələblərinə uyğun olaraq, paketlərin 49 faizinə sahib olub. Abdullayevin sözlərinə görə, şirkət sənədlərini Dövlət Sığorta Nəzarəti Xidmətinə çərşənbə günü təqdim edib və bu gün müsbət qərar qəbul edilib.

Şirkətin məlumatına görə, 2010-cu ilin yanvar-sentyabr aylarında şirkət 1,415 milyon manat məbləğində sığorta haqqı yığıb.

Yığımların 83 faizə yaxını və ya 1,174 milyon manat sığortanın könüllü növünün payına düşüb.

"AIG Caspian" şirkəti sığortanın bədbəxt hadisələr və peşə xəstəlikləri növü üzrə 14 392 manat məbləğində sığorta haqqı yığıb.

Hesabat dövründə əmlakın sığortası üzrə şirkət 1,16 milyon manat yığıb. Onların 598 181 manatı əmlakın yanğından sığortasının və digər risklərin, 22 789 manat yüklərin sığortalanması, 38 254 manat dələduzluqdan sığorta, 9 278 manat avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, 440 629 manat ümumi mülki məsuliyyət sığortası, 51 357 manat işəgötürənin məsuliyyət sığortasının payına düşüb.

Doqquz ay ərzində şirkət 40 821 manat məbləğində təzminat ödəyib. Onlardan 86,28 faiz və ya 35 221 manat əmlak sığortası, 13,72 faiz və ya 5 600 manat bədbəxt hadisələr və peşə xəstəlikləri sığortasının payına düşüb.

Şirkətin nizamnamə kapitalı 3,5 milyon manat təşkil edir. Şirkət sığorta xidmətlərinin bir icbari və yeddi könüllü növü üzrə xidmətlər təklif edir.

"Chartis" (AIG Insurance) əmlak və şəxsi sığorta (həyat sığortasından başqa digər sığortalar) sahəsində iri beynəlxalq təşkilatdır, dünyanın 160-dan çox ölkəsində və yurisdiksiyalarında 40 milyondan artıq müştəriyə xidmət edir. 90 illik tarixə, təklif olunan məhsul və xidmətlərin ən geniş spektrlərindən birinə, zərərin tənzimlənməsi və yüksək maliyyə davamlılığı sahəsində geniş təcrübəyə malik olan "Chartis" həm korporativ müştərilərə, həm də ayrı-ayrı şəxslərə istənilən risklərin əminliklə idarə olunmasında kömək edir.

Tezliklə şirkətin yalnız bir səhmdarı - AIG olacaq. "AIG-Caspian Insurance Co" Azərbaycanın 15 aparıcı sığorta şirkətləri sırasına daxildir. 51 faiz Azərbaycan tərəfinə, 49 faiz AIG-ə məxsusdur. Şirkətin kapitalı 3,5 milyon manat təşkil edir.

2009-cu ilin fevralında "AIG Caspian Insurance" sığorta fəaliyyəti göstərmək üçün müddətsiz lisenziya alıb.

Noyabrın 4-nə olan rəsmi məznnə 0,8 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti