...

Azərbaycanın Özbəkistanda Milli sərgisi ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına böyük marağın olduğunu göstərdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2010 16:13 (UTC +04:00)
Noyabrın 5-7-də Özbəkistanın böyük sərgi kompleksi "Uzbekspomərkəz"də keçirilən Azərbaycanın ilk Milli sərgisi iki ölkənin hökumət qurumları və sahibkarlarının ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına böyük marağının olduğunu göstərdi.
Azərbaycanın Özbəkistanda Milli sərgisi ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına böyük marağın olduğunu göstərdi

Özbəkistan, Daşkənd, 8 noyabr /Trend, müxbir D.Əzizov/

Noyabrın 5-7-də Özbəkistanın böyük sərgi kompleksi "Uzbekspomərkəz"də keçirilən Azərbaycanın ilk Milli sərgisi iki ölkənin hökumət qurumları və sahibkarlarının ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına böyük marağının olduğunu göstərdi.

Məlumat verildiyi kimi, sərgi prezidentlər İslam Kərimovİlham Əliyevin təşəbbüsü ilə Özbəkistan Xarici İqtisadi Əlaqələr, İnvestisiya və Ticarət Nazirliyinin köməyi ilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil edilmişdi.

İlkin məlumatlara görə, sərgidə təxminən yüz min nəfər olub, Azərbaycan və Özbəkistan şirkətləri arasında 40-dan çox niyyət protokolu imzalanıb. Məsələn, özbək həmkarları ilə əməkdaşlıq üzrə niyyət sazişini "Gilan Holding", "Azersun Holding", "Azneftmaş", Azneftkimyamaş, "Tovuz-Baltiya", "Caspian Fish", "Akkord", "Azenko", "Kür", "Ultra" kimi şirkətlər imzalayıblar.

Sərgiyə gələnlərin xüsusi marağına neft sahəsindəki nailiyyətlər, o cümlədən neft maşınqayırması məhsullarının nümayiş olunduğu stendlər səbəb olub.

Sərgidə olanlar elektrotexniki məhsullara, tikinti materiallarına, kənd təsərrüfatı, yüngül və ərzaq sənayesi məhsulları stendlərinə də aktiv maraq göstəriblər.

Artıq sərginin ilk iş günündə Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Özbəkistan Xarici İqtisadi Əlaqələr, İnvestisiya və Ticarət Fondu (UzInfoInvest), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və UzInfoInvest, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Özbəkistan Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Milli sərgiyə Azərbaycan tərəfinin təqdim etdiyi əməkdaşlıq imkanlarını yüksək qiymətləndirən Özbəkistanın Baş naziri Şavkat Mirziyayev baş çəkib.

Özbəkistan xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Elyer Qəniyevin sözlərinə görə, çox yüksək səviyyədə təşkil olunan sərgi Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin inkişafında əlamətdar hadisə olacaq, xalqlarımız arasında tarixən mövcud olan çox yaxın münasibətlər isə yeni impuls alacaq.

Məlumat verildiyi kimi, sərginin pavilyonu 4,5 min kvadratmetr ərazidə yerləşmişdi. Sərginin işində Azərbaycanın 170-dən çox müəssisə və təşkilatı iştirak edib. Sərgidə ölkənin sosial-iqtisadi, sənaye, energetika, rabitə və informasiya texnologiyaları, nəqliyyat, ekologiya, turizm, mədəniyyət, xalq yaradıcılığı, səhiyyə, təhsil və idman sahələrindəki nailiyyətləri, eləcə də 1,7 minə yaxın adda Azərbaycan istehsalı olan məhsullar nümayiş olunub.

Əldə olunan razılaşmaya əsasən, cari ilin dekabrında Bakıda Özbəkistanın Milli sərgisi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti