Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sistemlərini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması çərçivəsində tikinti işləri müəyyən edilmiş qrafikə uyğun gedir. Bu barədə bazar ertəsi "Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbə deyib.
Onun sözlərinə görə, hazırda tikinti işləri həm Gürcüstan ərazisində, həm də Gürcüstanın Türkiyə ilə sərhədində aparılır.
"Həm Gürcüstan ərazisində, həm də Gürcüstanın Türkiyə ilə sərhədində sürətli tikinti işləri aparılır. Bu ayın sonunadək işlər qrafikə uyğun aparılacaq, lakin sonradan hava şəraitinin pisləşməsi ilə əlaqədar dayandırıla bilər", - mənbə bildirib.
Bu layihə çərçivəsində tikinti işlərinin dayandırılması mövsümi amildir, bu onunla əlaqədardır ki, işlərin çox hissəsi dağlıq hissədə aparılır və hava şəraitinin pisləşməsi nəticəsində işlərin aparılması qeyri-mümkün olur.
Mənbənin sözlərinə görə, hazırda dəmir yolunun Gürcüstandan keçən hissəsində işlərin aparılmasına əlavə maliyyələşmənin cəlb edilməsi məsələsi öyrənilir.
Əvvəllər mənbə bildirmişdi ki, Azərbaycan hökuməti Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin maliyyələşdirilməsinə əlavə 500 milyon dollar verməyə hazırdır. Əvvəllər Gürcüstan hissəsinin tikintisinə Azərbaycan tərəfdən artıq ölkənin Dövlət Neft Fondundan 200 milyon dollar ayrılıb. Bu kredit illik bir faiz olmaqla 25 ilə hesablanıb.
Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km-i Türkiyə, 29 km-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.
Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.
Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edəcək.