Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir M.Əliyev/
Çərşənbə axşamı Azərbaycan Milli Məclisi Gömrük Məcəlləsinin yeni layihəsini birinci oxunuşda qəbul edib.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin müzakirələrin gedişində dediyi kimi, yeni Gömrük Məcəlləsi dünya standartlarına cavab verir.
"Məcəllədə gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur ki, bu da Azərbaycanla əməkdaşlııq etmək istəyən ölkələrə qısa müddət ərzində sənəd dövriyyəsinin sayını və sürətini artırmağa imkan verir", - Səmədzadə deyib.
Onun fikrincə, bu, mal dövriyyəsinin artmasına imkan verəcək.
Səmədzadə bildirib ki, hazırda Azərbaycanda gömrük sahəsində tətbiq olunan idarəetmə sistemi dünyada qabaqcıllardan biridir.
Deputat Əli Məsimlinin sözlərinə görə, yeni Gömrük Məcəlləsinin yaradılması zamanın vacib tələbidir.
"Məcəllə xarici ekspertlərin iştirakı ilə kifayət qədər yüksək səviyyədə hazırlanıb. Yeni Gömrük Məcəlləsinin qəbulu Azərbaycanın ÜTT-yə daxil olmaq üçün qəbul etdiyi öhdəliklərin yerinə yetrilməsi nöqteyi-nəzərindən vacibdir. Bundan qabaqkı məcəllə ilə müqayisədə hazırkı sənəd daha geniş formada və beynəlxalq standartlar nəzərə alınmaqla tərtib edilib", - Məsimli deyib.
Hazırda qüvvədə olan Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilib.
Yeni Gömrük Məcəlləsinin qəbulu gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, gömrük infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulmasına, dövlət büdcəsinin gəlirlərinin artmasına, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunmasına, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesinin sürətlənməsinə, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin tam tətbiq edilməsinə, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasına, gömrük tarif siyasətinin təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə, ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolunun artırılmasına, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə, ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artmasına, gömrük tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşmasına, ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradacaq.