...

Azərbaycandakı qızıl istehsalçısı yeni perspektivli yataqlar kəşf edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2011 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda qızıl istehsalçısı "Anglo Asian Mining Plc" şirkəti "Gədəbəy" yatağının hüdudlarındakı axtarış-kəşfiyyat işlərini topoqrafik çəkilişlər və geoloji xəritəçəkmə aparılması proqramına daxil edib, eləcə də 9500 metrlik qazma işlərinin aparılmasını planlaşdırır. Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Buna səbəb "Gədəbəy" yatağında 704 min unsiya qızıl ehtiyatlarının aşkar edilməsidir. Bu barədə 2010-cu ilin oktyabrında elan edilib. Həmçinin Çolpan vilayətində, "Gədəbəy"dən iki kilometrlik məsafədə və Maarif rayonundakı mis-qızıl yatağında yeni perspektivlər kəşf edilib.

Şirkət bu yaxınlarda "Gədəbəy" yatağında 6000 metrlik qazma proqramını başa vurub. Qazma proqramının nəticələrinin 2011-ci ilin birinci rübündə əldə olunacağı gözlənilir.

"Ordubad" yatağında, Pyazbaşı və Ağyurd regionlarında, eləcə də Dəstə Başı vilayətində məsafədən zondlama ilkin araşdırması aparılıb.

"Bu tədbir indiyədək "Ordubad" yatağında potensial məqsədli sahənin mövcud olduğunu göstərməyib, lakin şirkət hesab edir ki, Ağyurd və Dəstə Başı da perspektivlərə malikdir və araşdırma tələb edir", - şirkətin məlumatında deyilir.

Araşdırma işlərinin aparılması üzrə şirkətin lisenziyası 2011-ci il aprelin 13-də başa çatır. Lakin "Anglo Asian Mining Plc" lisenziyanın daha bir illiyə yenilənməsi prosesindədir.

"Anglo Asian Mining PLC" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanan PSA tipli məhsulun pay bölgüsü sazişi əsasında Azərbaycanın cənub-qərbində yerləşən altı - "Gədəbəy", "Ordubad", "Qoşa Bulaq", "Qızıl Bulaq", "Vejnəli" və "Söyüdlü" yataqlarının işlənməsi hüququna malikdir. Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır.

İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından hasil edilib. Ümumilikdə, 2015-ci ilədək "Gədəbəy" yatağından 300 min unsiya qızılın hasil edilməsi planlaşdırılır.

Ümumiikdə, 2011-ci ili şirkət perspektivli il kimi qiymətləndirir, ona görə ki, o qızıl hasilatı sahəsində öz mövqeyini möhkəmləndirməyi və "Gədəbəy", "Ordubad" və "Qoşa" yataqlarının gələcəkdə öyrənilməsi vasitəsilə istehsalın həcminin artırılması üçün yolların fəal axtarışını davam etdirir.

Xəbər lenti

Xəbər lenti