Böyük Britaniya, London, 4 mart /Trend, müxbir A.Qasımova/
Azərbaycan Beynəlxalq Bankı ölkənin daxilində və ya xaricindəki bütün işgüzar dairələrlə yanaşı Azərbaycanın postmünaqişə ərazilərinin reabilitasiyası layihəsinin həyata keçirilməsində maraqlıdır. Bu barədə çərşənbə günü Londonda azərbaycanlı müəlliflərin "Azərbaycanın postmünaqişə ərazilərinin reabilitasiyasının konseptual əsasları" kitabının təqdimatında bankın sədri Cahangir Hacıyev bildirib.
"Müzəffərli və İsmayılovun kitabında formalaşan ideyalar həqiqətən ciddi diqqətə layiqdir. Sırf vətənpərvərlik motivləri ilə yanaşı, bu, postmünaqişə ərazilərinin reabilitasiyası üzrə nəhəng kommersiya layihəsidir. Azərbaycan hökumətinin qiymətləndirmələrinə görə, ölkəmizin münaqişədən əziyyət çəkən bütün ərazilərinin reabilitasiyası xərcləri 60 milyard dolları üstələyir", - Britaniya-Azərbaycan Biznes Şurasının həmsədri Hacıyev "Azərbaycanın postmünaqişə ərazilərinin reabilitasiyasının konseptual əsasları" kitabının təqdimatında bildirib.
Kitab Qafqaz Strateji Araşdırmalar Mərkəzi (ISSC) tərəfindən üç dildə (Azərbaycan, ingilis və rus) çap olunub.
Kitabda qaldırılan başlıca sual işğaldan azad olunduqdan sonra Azərbaycan ərazilərinin necə və hansı vəsaitlərlə bərpa olunmasının mümkünlüyüdür.
Müstəqil ekspertlərin işi məhz Azərbaycanın postmünaqişə ərazilərinin reabilitasiyasına yönəlib və münaqişənin özünün nə vaxt və hansı şəkildə həll olunması məsələsini nəzərdə tutmur.
"Hökumətimiz sülh səylərinin arzuolunan nəticələrə, daha doğrusu beynəlxalq hüququn əsas prinsipləri üzrə ədalətli nizamlanmaya gətirib çıxarmayacağı halda münaqişənin hərbi yolla həllinin mümkünlüyünü inkar etmir. Lakin biz əlbəttə, Azərbaycanın öz maliyyə və insan resurslarını hələ də işğal altında olan ərazilərin bərpasına və inkişafına cəmləşdirməsində maraqlıyıq", - Hacıyev bildirib.
Hacıyevin sözlərinə görə, beləliklə, Böyük Britaniyanın siyasi və elmi dairələrinin aparıcı nümayəndələrinə təqdim olunan araşdırmanın əsas müddəalarının həyata keçirilməsinə görə məsuliyyətin bir hissəsinin öz üzərinə götürməsi üçün Azərbaycanın biznes cəmiyyətinin ciddi əsasları var.