...

Azərbaycan qiymət artımının qarşısını almağa çalışır - parlament komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2011 13:33 (UTC +04:00)
Azərbaycan dünyanın 140-dan çox ölkəsi ilə ticarət əlaqələrinə malikdir və bu ölkələrdə baş verən proseslərin Azərbaycanda qiymətlərə təsiri təbiidir.
Azərbaycan qiymət artımının qarşısını almağa çalışır - parlament komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan dünyanın 140-dan çox ölkəsi ilə ticarət əlaqələrinə malikdir və bu ölkələrdə baş verən proseslərin Azərbaycanda qiymətlərə təsiri təbiidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü parlamentin İqtisadi siyasət komitəsinin rəhbəri Ziyad Səmədzadə bildirib.

"Bununla əlaqədar ölkənin istehlak bazarında qiymət artımının qarşısının alınması və aradan qaldırılması üçün xüsusi tədbirlər görülür", - Səmədzadə bildirib.

Onun sözlərinə görə, görülən tədbirlərə baxmayaraq, tərəfdaş ölkələrdəki proseslərin Azərbaycana təsiri davam edir.

"Ona görə də Azərbaycan hökuməti idxaldan asılılığın azaldılması və daxili istehsal hesabına ərzaq təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri görür", - Səmədzadə bildirib.

2011-ci ilin fevralında istehlak malları və xidmət tariflərinin qiymətləri yanvar ayına nisbətən 2,2 faiz, yanvar-fevralda isə 2010-cu ilin analoji dövr göstəricisi ilə müqayisədə 8,9 faiz artıb.

Fevralda ərzaq məhsullarının qiymətləri 2,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, xidmət tarifləri isə 4,3 faiz bahalaşıb. 2010-cu ilin yanvar-fevral aylarına nisbətən ərzaq məhsulları 13,7 faiz, qeyri-ərzaq məhsulları 2,8 faiz, xidmətlər sahəsində tariflər isə iki faiz artıb.

Son vaxtlar İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı tədbirlərin gücləndirilməsi nəticəsində ölkənin istehlak bazarında bitki yağı, şəkər, şəkər tozu, toyuq yumurtası, soğan, kartof və s. kimi bəzi istehlak mallarının qiymətlərində tədricən azalma müşahidə olunur.

Son araşdırmalar nəticəsində yağın qiyməti 5-6 faiz, şəkərin 4 faizədək, şəkər tozunun 5-6 faiz, toyuq yumurtasının 50 faizədək, toyuğun 15 faizədək, süd məhsullarının 2-4 faiz, kartofun 15 faiz, soğanın 10 faiz, sitrus meyvələrinin qiyməti isə 15-20 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti