...

Qanunsuz tikililərin qeydiyyata alınması real mənzil fondunun dəqiqləşdirilməsinə səbəb olacaq - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2011 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda qanunsuz tikililərin qeydiyyata alınması prosesinin bir sıra müsbət nəticəsi olacaq. Onlardan ən başlıcası əhalinin müəyyən qisminin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Ekspert, "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov belə hesab edir.

Azərbaycan Prezidenti İlham Əliyevin martın 9-da Bakı şəhər İcra Hakimiyyətində keçirilən iclasda tapşırığına uyğun olaraq, tikilmiş evlərin qeydiyyata alınmasının şəffaf mexanizmi hazırlanacaq və gələcəkdə qanunsuz tikintiyə yol verilməyəcək. Qanunsuz tikililərin çoxu Bakıdadır. Ölkə regionlarında bu proses nisbətən nizamlanıb.

İbrahimovun fikrincə, müsbət faktordur ki, qanunsuz tikililərin qeydiyyatı nəticəsində bütün bələdiyyələr öz ərazilərindəki obyektlərin dəqiq siyahısına malik olacaq, onların dəyərini, əhalinin sayını biləcək, vergilərin tutulması mexanizmi təkmilləşdiriləcək.

"Bütün bu proseslər bələdiyyələrin büdcəsinin formalaşdırılmasında da mühüm rol oynayacaq", - İbrahimov qeyd edib.

Bundan başqa, qanunsuz tikililərin qeydiyyatı mexanizminin tətbiqini iş adamları da gözləyir. Məlumdur ki, bu gün əksər iş adamları mülkiyyət hüququ sənədi olmadan kommersiya obyektlərinə malikdir. Bu iş adamları öz obyektlərini biznesin gələcək inkişafı üçün girov əmlak qismində istifadə edə bilmirlər, obyektlər qeydiyyata alındıqdan sonra isə onlar maddi resurslar qismində istifadə oluna bilər.

İbrahimovun fikrincə, obyektlərin qeydiyyatı Azərbaycanın real mənzil fondunun, statistikanın, adambaşına düşən mənzil sahəsinin dəqiqləşdirilməsinə səbəb olacaq.

"Nəticədə tikintinin səviyyəsi müəyyənləşdiriləcək. Hazırda real tələbata uyğunluq üçün tikintinin sürət tempinin dəqiqləşdirilməsinə ehtiyac duyulur", - İbrahimov hesab edir.

Onun sözlərinə görə, tikinti sektoru ölkə iqtisadiyyatının aparıcı lokomotividir və dəqiqləşdirilən məlumatlar düzgün proqnozlaşdırma üçün imkanlar yaradacaq. Lakin bu proses daşınmaz əmlak bazarının qiymətlərinə təsir göstərməyəcək.

Azərbaycanda 3 torpaq mülkiyyəti növü var: dövlət, bələdiyyə və özəl mülkiyyət.

Xəbər lenti

Xəbər lenti