...

Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan üzrə strategiyanın təsdiq edilməsi müddətini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2011 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir N.İsmayılova/

Qara dəniz Ticarət və İnkişaf Bankının Azərbaycan üzrə strategiyasının bankın Direktorlar Şurası tərəfindən iyunda təsdiq ediləcəyi gözlənilir. Bu barədə Azərbaycanın işgüzar dairələri ilə görüş çərçivəsində çərşənbə günü Bakıda jurnalistlərə bank rəhbəri Andrey Kondakov deyib.

"Səfərimiz iki əsas məqsəd daşıyır - sonrakı dörd il (2011-2014-cü illər) üçün yeni milli strategiyanın müzakirəsi, eləcə də Azərbaycanın işgüzar cəmiyyəti ilə bankın göstərilən müddət ərzində maliyyələşdirəcəyi yeni layihələrin aşkar edilməsi məqsədilə görüşlərin keçirilməsi", - Kondakov bildirib.

Onun sözlərinə görə, 11 illik fəaliyyət dövründə bank Azərbaycanda dəyəri 100 milyon avro olan 20 layihəni maliyyələşdirib. Ölkənin bankın kredit portfelində payı 5 faizdir.

"Yaxın dörd il ərzində qarşımızda Qara dəniz Ticarət və İnkişaf Bankının Azərbaycanda fəaliyyətinin genişləndirilməsi və yeni maraqlı layihələrin maliyyələşdirilməsi vəzifəsi durur", - Kondakov qeyd edib.

Onun sözlərinə görə, bankın ölkə üzrə stategiyası Azərbaycanın nazirlik və hökuməti ilə strategiyanın prioritetlərinin dəqiqləşdirilməsi və onların ölkənin sosial-iqtisadi siyasətinə uyğunlaşdırılması məqsədilə müzakirə edilir.

"Göstərilən müddət ərzində 75 milyon avrodan 100 milyon avroya qədər 15-dən 20-dək layihə tapmaq istəyirik və həyata keçirilmə qaydasında getsə, söhbət bankın Azərbaycandakı portfelinin iki dəfə artmasından gedə bilər. Biz sosial, istehsal, enerji sektorlarının istehsal infrastukturunun və kənd təsərrüfatının inkişafına yardımın göstərilməsini vacib hesab edirik, - Kondakov əlavə edib.

Onun sözlərinə görə, Qara dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanın bank sektoru ilə fəal əməkdaşlıq edir və bu əməkdaşlığı davam etdirmək planlaşdırılır, kiçik və orta sahibkarlığın və ticarətin maliyyələşdirilməsi üçün kredit xəttlərinə diqqət yetirilir.

Xəbər lenti

Xəbər lenti