Azərbaycan, Bakı, 6 may /Trend/
Mərkəzi Bank bəyan etdiyi pul siyasəti istiqamətlərinə uyğun olaraq ölkədə qiymət və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətini davam etdirir.
Son aylar dünya iqtisadiyyatında başlanmış canlanma prosesləri qlobal enerji daşıyıcıları və ərzaq bazarlarında qiymətlərin yüksəlməsi ilə müşayiət olunur.
Eyni zamanda, dünya ölkələri və regionları arasında iqtisadi artım dinamikası və maliyyə sabitliyi göstəriciləri əhəmiyyətli fərqlənir. Bu şəraitdə davamlı artan və cəlbedici olan ölkələrə kapital axınlarının güclənməsi müşahidə olunur.
Mövcud qlobal iqtisadi situasiyada Azərbaycan iqtisadiyyatında artım prosesləri davam edir, iqtisadi aktivlik və istehsal güclərinin yüklənmə səviyyəsi artır. Ölkənin tədiyə balansının profisiti və valyuta ehtiyatları davamlı sürətdə böyüyür. Pul kütləsinin potensial artım mənbələri də genişlənir.
Bu şəraitdə inflyasiyaya təsir edən amillərin çevik idarə olunması mühüm vəzifə olaraq qalır.
Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti 6 may 2011-ci il tarixindən etibarən uçot dərəcəsinin 5%-dən 5.25%-ə qaldırılması barədə qərar qəbul edib.
Eyni zamanda, bankların xarici valyutada olan öhdəlikləri üzrə məcburi ehtiyat norması 2%-dən 3%-ə yüksəldilib.