...

Azərbaycanın vergi sistemindəki islahatların miqyası və templəri Litvanı heyran edir - Dövlət Vergi Müfəttişliyinin rəhbəri Modestas Kaseliauskas (MÜSAHİBƏ)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan xarici ölkələrin vergi administrasiyaları ilə ikitərəfli münasibətləri genişləndirir. Litva ilə vergiqoyma sahəsində əməkdaşlıq perspektivlərinin, hüquqi bazanın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin müzakirəsi məqsədilə Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri Modestas Kaseliauskasın başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır. Səfər zamanı Azərbaycan və Litva arasında vergi sahəsində texniki əməkdaşlıq haqqında saziş imzalanıb.

Trend-in Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri Modestas Kaseliauskas ilə müsahibəsini təqdim edirik:

Belə formatda keçirilən görüşlərin Azərbaycan və Litva arasında qarşılıqlı münasibətlərin inkişafında və genişləndirilməsində rolu necə qiymətləndirirsiniz?

- Bunlar çox mühüm görüşlərdir, eləcə də sazişin imzalanması böyük əhəmiyyətə malikdir, çünki bütün bunlar təkcə yüksək səviyyədə deyil, həm də təşkilatlarımız və konkret mütəxəssislər səviyyəsində əməkdaşlığa təkan verir. Ümumilikdə Litvanın siyasəti "hər iki ayaq üstə" möhkəm dayanmaqdan ibarətdir: ayağımızın biri qərb tərəfdə, digəri şərq tərəfdədir. Biz bilmək istəyirik ki, qərbdə və şərqdə nə baş verir.

Azərbaycan və Litva arasında investisiya əməkdaşlığını necə qiymətləndirirsiniz və vergi sahəsində ümumilikdə imzalanan dörd saziş qarşılıqlı investisiyaların genişlənməsinə nə dərəcədə xidmət edəcək?

- Onlar investisiyaların inkişafına xidmət edir. Güman edirəm ki, biznes səviyyəsində investisiya və digər qoyuluşların mübadiləsi artır, bugünkü kimi sazişlərin imzalanması isə investisiya qoyuluşlarının qorunmasına və qanunvericiliyi pozmayan, qanun əsasında öz bizneslərini qurmaq istəyən bütün vergi ödəyicilərinin müdafiəsinə xidmət edir.
Hazırda xidmətlər tərəfindən daimi əsasda informasiya mübadiləsi aparılır və bu proses getdikcə daha intensivləşir. Güman edirəm ki, bu, Litvada düzgün biznes aparan vergi ödəyicilərinə də fayda gətirir.

Azərbaycan investorlarının Litvada fəaliyyəti üçün hansı vergi üstünlükləri tətbiq edilib?

- Litvada bütün investorlar üçün ümumi qaydalar qüvvədədir.

Cümə axşamı Bakıda Azərbaycan və Litvanın vergi administrasiyaları arasında texniki əməkdaşlıq haqqında imzalanan saziş vergitutma sahəsində qarşılıqlı münasibətlərə nə dərəcədə təsir göstərəcək?

- Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlıq praktiki mərhələyə - konkret layihələrdə əməkdaşlığa keçməlidir. Xüsusilə, bizim Avropa İttifaqının maliyyələşdirdiyi layihələrdə təcrübə mübadiləsi aparmaq imkanımız var. Ölkələrimiz bir-birindən öyrənə bilər və konkret layihələr üzrə təcrübəni tətbiq edə bilərlər. Litva həmişə bu sahədə istənilən yardımı göstərməyə hazırdır.

İlin sonunadək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Litva hökumətlərarası komissiyasının ikinci iclasının keçirilməsi gözlənilir. Bu iclasdan hansı gözləntiləriniz var və Siz onun ölkələrin ikitərəfli əməkdaşlığının inkişafında rolunu necə qiymətləndirirsiniz?

- Komissiyanın rolunu mən birmənalı olaraq müsbət qiymətləndirə bilərəm, çünki ölkələrimiz arasında münasibətlər çox sürətli, hərtərəfli və səmərəli inkişaf edir, rəhbər, məmur və siyasətçilərin müxtəlif səviyyələrdə çoxlu görüşləri keçirilir.

Siz Azərbaycanın vergi sistemi ilə nə dərəcədə yaxından tanış ola bildiniz?

- Biz artıq ikinci gündür ki, Azərbaycanın vergi sistemi ilə tanış oluruq, lakin bu bizim ilk tanışlığımız deyil. Biz dəfələrlə beynəlxalq səviyyələrdə - iki dəfə yüksək səviyyədə görüşmüşük və Azərbaycanın vergi sisteminin uğurları barədə bilirik. Mən özüm 12 ildir vergi orqanlarında çalışıram və 6 ildir ki, Litvanın Vergi Müfəttişliyinə rəhbərlik edirəm. Odur ki, vəziyyəti qiymətləndirə bilərəm. Məndə həm islahatların miqyası, həm də tempi heyran edir. Əgər konkret danışsaq, sizdə iri vergi ödəyicilərilə iş üzrə çox güclü departament var ki, o, tərkibinə, funksiyalarına və texniki təminatına görə Avropa səviyyəsinə uyğundur.
Habelə telefon xidmətiniz yaxşı işləyir. Onun işi müasir idarəetmə prinsipləri üzrə qurulub. Sizin yeni yaradılan İT sistemi yaxşı təəsürat yaradır, halbuki bizim ölkəmizdə bu sistem tədricən və hər bir funksiyası ayrı-ayrılıqda yaradılmışdır. Sizdə isə belə iri miqyaslı işlər operativ və bir layihə çərçivəsində həyata keçirilmişdir ki, bu da əlbəttə, böyük maraq doğurur.

Litva vergi ödəmələrindən yayınmanın qarşısının alınması məsələsini necə həll edir?

- Bu, bütün Avropa ölkələrində böyük problemdir. Bu məsələ, iqtisadi tənəzzülə məruz qalan ölkələrdə çox kəskindir. Çünki həmin ölkələrdə vergi ödəyicilərinin çoxu "kölgə iqtisadiyyatı"na keçib. Bizim Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa dair iki ardıcıl sessiyamız keçirilib, Litvada xüsusi "Compline Strateji" proqramı yaradılıb. Proqram dörd elementdən ibarətdir: spesifik vergi ödəyiciləri üzərində nəzarət, böhran zamanı vergi ödəyicilərinə yardımlar, böhran zamanı kommunikasiyalar və ödənilməmiş vergilərin gücləndirilmiş şəkildə toplanması.
Biz bütün bu istiqamətlər üzrə kompleks şəkildə işləyirik. Bu proqramın həyata keçirilməsi vergi yığımlarını artırmağa imkan verib. Bunu büdcə daxilolmaları üzrə də qiymətləndirmək mümkündür. Cari ilin birinci rübü ərzində ölkə büdcəsinə vergi daxilolmaları 2010-cu illə müqayisədə 17 faiz artıb, ötən il isə vergi yığımları 2009-cu ildəkindən 6 faiz az olub.

Vergilər sahəsində Litvanın Azərbaycan təcrübəsindən tətbiq etmək istədiyi istiqamətlər varmı?

- Belə istiqamətlər var. Məsələn, Azərbaycan "bir pəncərə" sisteminin fəaliyyətində bizi qabaqlayır, çünki indi bizim ölkəmizdə bu cür sürətlə biznesə başlamaq mümkün deyil və ölkənizdəki kimi belə mükəmməl proses yoxdur.

Azərbaycanın Vergilər Nazirliyi ilə gələcək əməkdaşlıq üçün hansı istiqamətlər müəyyən edilib?

- Ölkələrimizin vergi administrasiyaları arasında gələcək əməkdaşlıq texniki səviyyədə təcrübə mübadiləsi ola bilər. Hesab edirəm ki, Azərbaycana ölkəmizdə ümumi bəyannamə sisteminin necə işləməsi, eləcə də vergi ödəyicilərinə xidmət sahəsi maraqlı ola bilər, çünki bu sahədə bizdə bəzi maraqlı işlər var. Əlbəttə ki, "kölgə iqtisadiyyatı" ilə mübarizə sahəsində əməkdaşlıq davam etdiriləcək. Düşünürəm ki, konkret işlər görüləcək, vergi ödəyiciləri haqqında konkret informasiya mübadiləsi aparılacaq.

Azərbaycan haqqında hansı təəssüratlarınız var? Hazırkı səfərdən sonra ölkəmiz haqqında təsəvvürləriniz nə dərəcədə dəyişdi?

- Azərbaycan çox sürətlə inkişaf edən ölkədir. Burada hətta havada enerji hiss olunur, hər şey hərəkət edir, hər şey fırlanır, fəal quruculuq gedir.

Xəbər lenti

Xəbər lenti