...

Dövlət lizinq şirkəti Azərbaycanın regionlarında aqroservis şəbəkələrinin fəaliyyətini genişləndirir - idarə heyətinin sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2011 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir A.Axundov/

2011-ci ilin sonunadək "Aqrolizinq" ASC lizinq şirkətinin beş yeni filialı açılacaq. Bu barədə cümə axşamı şirkətin idarə heyətinin sədri Əli Bayramov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

"Aqrolizinq"in filialları ölkənin bir sıra regionlarında mövcuddur, indi beş rayonda filialların tikintisi aparılır. İlin sonunadək bu aqroservislər istismara veriləcək", - Bayramov deyib.

Onun sözlərinə görə, sonrakı illərdə aqroservislərin tikintisi davam etdiriləcək ki, bu da kənd təsərrüfatı məhsullarının istehsal həcmlərinin artmasına gətirib çıxaracaq.

"İndi sovet dövründən qalma texnikadan da istifadə olunur. Ölkəyə 11 min ədəd kənd təsərrüfatı texnikaları gətirmişik. Onun 990-nı taxıl yığan kombayn, 3 100 ədədi müxtəlif gücə malik traktordur, yerdə qalanları isə asılan və qoşulan kənd təsərrüfatı texnikalarıdır. Sovet dönəmindən qalan texnikalar köhnələrək tədricən sıradan çıxırlar. Onların yerinə yeni texnikalar alınmalıdır", - Bayramov bildirib.

Onun sözlərinə görə, bunun üçün hər il ASC-yə orta hesabla 35 milyon manat vəsait ayrılır.

"Bu vəsait hesabına "Aqrolizinq" ASC kənd təsərrüfatı texnikaları alıb gətirir, həmin texnikaların bir hissəsi lizinqə, bir hissəsi isə rayon aqroservislərinə verilir. Rayon aqroservisləri də həmin texnikalar vasitəsilə yuxarı instansiyalar tərəfindən təsdiq olunmuş tariflər əsasında kənd təsərrüfatı istehsalçılarına pullu xidmətlər göstərirlər", - Bayramov deyib.

Onun sözlərinə görə, dövlət büdcəsi hesabına alınmış "Aqrolizinq" ASC-yə məxsus kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verilir və ya lizinq yolu ilə satılır.

"ASC aqrar sahədə fəaliyyət göstərən sahibkarların sifarişləri əsasında sərfəli tariflə əkin, səpin, məhsul yığımı, ot biçini və sair ümumillikdə 20 addan çox müxtəlif növ xidmət işləri həyata keçirir", - Bayramov deyib.

Onun sözlərinə görə, mineral gübrə almaq istəyən məhsul istehsalçıları yerli ərazi komissiyasına müraciət edirlər. Mineral gübrələr istifadəçiyə 50 faiz güzəştlə satılır.

"Aqrollizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin balansındadır və 2004-cü il oktyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Müəssisənin fəaliyyəti yerli torpaq sahibləri tərəfindən müxtəlif kənd təsərrüfatı texnikasının alınması və lizinqə verilməsi yolu ilə aqrar sahənin yaxşılaşmasına və ölkədə sahibkarlığın dəstəklənməsinə yönəlib.

Mayın 12-nə rəsmi məzənnə 0,7908 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti