Azərbaycan, Bakı, 20 may /Trend/
Yaxın günlərdə Azərbaycanda Uzaq Məsafədən Tanınma və İzləmə (UMTİ/LRİT) Milli Mərkəzi işə başlayacaq. Bunu Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Təhlükəsizliyi Komitəsinin 89-cu sessiyasında mərkəzin texniki imkanları haqqında ətraflı məlumat verərkən bildirib. Bu barədə Trend-ə cümə günü ARDDA-dan məlumat verilib.
Məlumatda deyildiyi kimi, sessiya çərçivəsində Qurbanov aparıcı dövlətlərin dəniz administrasiyalarının rəhbərləri ilə görüşüb və onlarla görüşdə Azərbaycan iqtisadiyyatının digər sahələri ilə yanaşı, dəniz nəqliyyatı sahəsində respublikada görülmüş işlər qeyd edilib, habelə dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Sessiya zamanı IMO-ya üzv dövlətlərdə dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, dənizin ətraf mühitinin qorunması, həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə görülmüş işlər, təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət mexanizminin gücləndirilməsi metodları barədə müzakirələr aparılıb.
IMO-nun 89-cu sessiyası 11-20 may 2011-ci il tarixlərində Londonda quruma üzv olan 168 ölkənin və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilib.