...

Azərbaycan Hesablama Palatası 2011-ci il ÜDM proqnozunun artırılmasını əsaslandırılmış hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2011 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Hesablama Palatası ölkədə ÜDM-in nominal həcminin 2011-ci il dövlət büdcəsi haqqında qanunla müəyyən edilmiş 40197,3 milyon manatdan 44788,8 manatadək (artım 4591,5 milyon manat və ya 11,4 faiz) artırılmasını əsaslandırılmış hesab edir. Bu barədə Hesablama Palatasının "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərin edilməsi barədə" qanun layihəsi ilə bağlı rəyində deyilir.

Bazar ertəsi Azərbaycan Milli Məclisinin İqtisadiyyat siyasət və Sosial siyasət komitələri "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərin edilməsi barədə" qanun layihəsini ölkə parlamentində müzakirələrə təqdim edib.

"Birinci rübdə daxilolma proqnozlarının 118 faiz yerinə yetirilməsi nəticəsində Vergilər Nazirliyi tərəfindən büdcə proqnozunun 120 faiz, Dövlət Gömrük Komitəsi - 100,3 faiz, eləcə də digər daxilolmalar üzrə gəlirlərin 30,7 milyon manat və ya ötən ilin analoji dövrü ilə müqayisədə altı dəfə, həmçinin il ərzində idxalın 60,7 faiz artması dövlət büdcəsinə 2011-ci il üzrə gəlirlərin həcmi üzrə planlaşdırılan vəsaitlərin daxil olmasında artımı şərtləndirir. Bütün bunlar 2011-ci il dövlət büdcəsinin gəlirlərinin proqnoz parametrlərinə yenidən baxılmasını zəruri edir", - rəydə deyilir.

Bütün bunları nəzərə alaraq, Hesablama Palatası dövlət büdcəsinin gəlirlər üzrə proqnozlarını 12061 milyon manatdan 15554,2 milyon manatadək (3493,2 milyon manat, yaxud 29 faiz), xərclər üzrə proqnozları 12748 milyon manatdan 15941,2 milyon manatadək (3193,2 milyon manat yaxud, 25 faiz) artırmağı əsaslandırılmış hesab edir.

Bununla yanaşı, Hesablama Palatası şəhər və rayonların yerli gəlirlər üzrə müəyyən edilmiş proqnozlarının 5160 milyon manat (artım 740 milyon manat), büdcə kəsirinin yüksək həddinin 387 milyon manat (azalma 300 milyon manat), icmal büdcənin xərclərinin yüksək həddinin 18634,3 milyon manat (artım 3513,2 milyon manat), ARDNF-nin gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsirinin 11447,9 milyon manat (artım 2743,2 milyon manat) səviyyəsində müəyyən edilməsini tövsiyə edib.

Mayın 23-nə olan rəsmi məzənnə 0,79 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti