Azərbaycan, Bakı, 24 may /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Lökbatan qəsəbəsində müəyyən edilən prioritet sahələrin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Mayın 20-də Lökbatan qəsəbəsindəkeçirilən "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Lökbatan və ətraf qəsəbələrin sakinlərinin məşğulluğunun təmin olunması məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- faraş tərəvəz məhsullarının, gül və çiçəklərin yetişdirilməsi üçün müasir istixana komplekslərinin yaradılması;
- müasir ətlik və yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının yaradılması;
- yeni texnologiyaların tətbiqi ilə ət kəsimi və emalı müəssisəsinin yaradılması;
- müasir texnologiyaların tətbiqinə əsaslanan müxtəlif sənaye sahələrinin inkişaf etdirilməsi.
Bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz:
Təşkilatın adı: Sahibkarlığa Kömək Milli Fondu
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]