...

Azərbaycanda turizmin inkişafı üçün yeni təkliflər hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2011 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanda turizmin inkişafı üçün ölkənin şimalındakı Nabran qəsəbəsi və cənubdakı Lənkəran şəhəri yaxınlığında dəniz limanlarının tikilməsi məqəsədəuyğun olardı. Bu təklif çərşənbə günü Bakıda keçirilən turizmin problemlərinə və perspektivlərinə həsr olunmuş konfransda səsləndirilib.

Konfrans "Turizmə dəstək" Gənclər Koalisiyası tərəfindən təşkil olunub.

Qeyd olunub ki, bu, turistlərin həmin regionlara daşınmasını asanlaşdırar və dəniz turizminin inkişafına yardım edərdi.

Bununla yanaşı, konfrans iştirakçıları (ekspertlər, turizm şirkətlərinin və mehmanxanaların, QHT, KİV nümayəndələri) tərəfindən ölkədə turizmin inkişafı üzrə aşağıdakı təkliflər irəli sürülüb:

- Azərbaycana gəlmək istəyən xarici turistlər üçün biletlərdə güzəştin edilməsi;
- İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan turizmin inkişafı üçün uzunmüddətli və güzəştli kreditlərin ayrılması məsələsinə baxılsın;
- bölgələrdə fəaliyyət göstərən turizm mərkəzlərinin ƏDV-dən müəyyən müddətə azad edilməsi məsələsinə baxılsın və ya buna oxşar digər imtiyazlı güzəştlər nəzərdə tutulsun;
- sadələşdirilmiş vergi sistemi ilə işləyən turizm şirkətləri, mehmanxana və istirahət mərkəzlərində fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulmuş illik dövriyyənin ƏDV-yə keçid həddi iki dəfə artırılsın. 2010-cu ildən illik dövriyyəsi 150 min manatadək olan hüquqi şəxslər və illik dövriyyəsi 90 min manata qədər olan fiziki şəxslər sadələşdirilmiş vergi sisteminə aid edilir;
- turizm şirkətlərinin, regionlarda yerləşən mehmanxana və istirahət mərkəzlərinin işçilərinin əməkhaqlarından sosial-müdafiə fonduna tutulan vergi hazırkı 25 faizdən 15 faizə endirilsin;
- turizm şirkətlərinə verilən lisenziyaların turizm xidməti çeşidindən, turizm şirkətinin iş təcrübəsindən asılı olaraq dərəcələrə bölünməsi məqsədəuyğun hesab olunsun;
- banklar tərəfindən turizm müəssisələrinə verilən kreditlərin faiz dərəcələrinin aşağı salınması məsələsinə baxılsın;
- xaricdən idxal edilən turizm və hotellərə aid avadanlıqların, ləvazimatların gömrük vergisindən azad olunması, yaxud güzəşt məsələsi gündəmə gətirilsin;
- ölkənin regionlarındakı turizm müəssisələrinin kommunal xidmətlərinin təminatı prosesinin sürətləndirilməsi.

Habelə, turizm sektorunda çalışan sahibkarlarla təhsil müəssisələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, turizm və mehmanxana biznesində innovasiyaların tətbiqi prosesinin sürətləndirilməsi, ölkədə aqrar turizmin təbliği və inkişafı və s. təklif olunub.

"Turizmə dəstək" koalisiyasının rəhbəri Ramiz Alıyevin sözlərinə görə, bu təkliflər Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirliklərnə, Milli Məclisə və Nazirlər Kabinetinə təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şixəmmədovun sözlərinə görə, müzakirələr zamanı qaldırılan bir çox məsələlər və təkliflərlə bağlı nazirlik tərəfindən artıq iş aparılır.

"Turizmə dəstək" koalisiyası 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılıb, turizm şirkətlərinin, QHT və KİV nümayəndələrini birləşdirir.

Xəbər lenti

Xəbər lenti