Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir N.İsmayılova/
Asiya İnkişaf Bankı (AİB) 2011-2020-ci illər üçün Asiya və Sakit Okean regionunun yol sektorunda davamlı yanaşma tətbiq etməyi və şəhər nəqliyyatı ilə dəmir yolları sektorunu inkişaf etdirməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın Bakı nümayəndəliyinin yaydığı məlumatda deyilir.
Bu məqsəd AİB-in geniş ictimaiyyət üçün açıqladığı Davamlı Nəqliyyat Təşəbbüsü (DNT) üzrə Əməliyyat Planında hədəf olaraq qoyulub.
"DNT Asiya və Sakit Okean ölkələrində təhlükəsiz, ekoloji cəhətdən təmiz, əlverişli nəqliyyat sisteminin yaradılmasını dəstəkləyir", - məlumatda bildirilir.
Yollar üçün ayrılan kreditlər tədricən davamlılığın təkmilləşdirilməsi üçün vacib olan məsələlər üzərində cəmləşəcək. Əhəmiyyətli dəyişikliklərdən biri də o olacaq ki, 2020-ci ilə qədər yollar üçün ayrılan kreditlər aparılan əməliyyatların geniş hissəsi kimi qalsa da, digər nəqliyyat sektorları üçün daha çox vəsait ayrılacaq. DNT-yə uyğun olaraq, AİB hər il Asiya və Sakit Okean regionunda nəqliyyat sektoruna 3-4 milyard ABŞ dolları həcmində sərmayə qoyacaq.
Davamlı nəqliyyat sektoruna geniş dəstək vermək üçün AİB 4 istiqamət müəyyən edib: şəhər nəqliyyatı, nəqliyyat sektorunda ətraf mühitin qorunması, transsərhəd nəqliyyat və loqistika məsələləri, yol təhlükəsizliyi və sosial davamlılıq.
AİB 1966-cı ildə üzv dövlətlər tərəfindən Asiya İnkişaf Bankının yaradılması haqqında sazişə uyğun olaraq təsis edilib. 2010-cu il dekabrın 31-nə olan məlumata görə, AİB-in 67 üzvü var ki, bunlardan 48-i Asiya və Sakit Okean hövzəsində yerləşir.
AİB Manilada (Filippin) yerləşir və dünyanın müxtəlif yerlərində, o cümlədən Şimali Amerikada (Vaşinqton DC), Avropada (Frankfurt) və Yaponiyada (Tokio) ofisləri var.