...

Azərbaycan Gömrük Komitəsi "bir pəncərə" prinsipinin tətbiqini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2011 15:59 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) "bir pəncərə" prinsipini Bakı və Sumqayıt şəhərlərinin Baş Gömrük idarələrində tətbiq etməyə başlayıb.
Azərbaycan Gömrük Komitəsi "bir pəncərə" prinsipinin tətbiqini genişləndirir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) "bir pəncərə" prinsipini Bakı və Sumqayıt şəhərlərinin Baş Gömrük idarələrində tətbiq etməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Komitə rəhbəri Aydın Əliyev deyib.

"Bir pəncərə"dən sistemi yalnız sərhəddə istifadə olunmur. Artıq bu prinsipin Bakı və Sumqayıt şəhərlərinin Baş Gömrük idarələrində tədricən tətbiqi başlanır və tezliklə ölkənin bütün gömrük idarələrində tətbiq olunacaq", - o bildirib.

Onun sözlərinə görə, ölkənin gömrük sistemində elektron xidmətlərin tətbiqi genişlənir və artıq DGK daxili yazışmaları elektronik şəkildə həyata keçirir. "Eyni zamanda, gömrük rəsmiləşdirməsi sahəsində elektron xidmətlərin tətbiqi üzrə müəyyən addımlar atılır", - Əliyev deyib.

Komitə rəhbərinin sözlərinə görə, DGK "Elektron dövlət" proqramı çərçivəsində gömrük orqanları qarşısında qoyulan bütün vəzifələri yerinə yetirəcək.

Bakıda sentyabrın 12-13-də "Elektron gömrük xidmətləri: gələcəyə baxış" adlı III beynəlxalq elmi-praktiki konfrans keçirilir.

Əliyev konfransda bildirib ki, DGK Aparatında elektron informasiya və sənədlərin dövriyyəsinin mərkəzləşdirilmiş sistemi yaradılıb.

"Həmçinin, sərhəddə və ölkə daxilində yük və nəqliyyat vasitələrinin hərəkətinə elektron nəzarət, gömrük qaydalarının pozulmasının və qaçaqmalçılığın qarşısının alınması üçün "Məqsədli mərkəz" təşkil olunub. Mərkəzdə 6000-ə yaxın kamera işləyir, onların köməyi ilə bütün sərhəd buraxılış məntəqələrinə videonəzarət olunur", - Əliyev deyib.

Bununla yanaşı, onun sözlərinə görə, qabaqcadan müəyyən olunmuş marşrutlarla gömrük nəzarəti altında nəqliyyat vasitələrinin təyinat nöqtəsinə çatdırılması məqsədilə DGK-da "Nəqliyyat vasitələrinə GPS nəzarət sistemi" layihəsini də həyata keçirilib.

"Bu layihə, eyni zamanda, 500 nəqliyyat vasitəsinə nəzarət etməyə imkan verir", - Əliyev deyib.

Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin konfransda dediyinə görə, İKT sektoru Azərbaycanda dinamik inkişaf edən sahələrdən biridir. "Son altı il ərzində İKT sektoru üç dəfə artıb, son beş il ərzindəki orta illik artım isə 30-32 faizdir", - Vəlizadə bildirib.

Konfransı DGK Rusiya Federasiyası Federal Gömrük Xidməti ilə birgə təşkil edib. Tədbirdə 25 ölkədən təxminən 200 dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndəsi iştirak edir.

Konfransda İKT və elektron gömrük, İKT-nın gömrük-biznes əməkdaşlığındakı rolu, eləcə də dövlət orqanlarında elektron xidmətlərin təşkilinə dair məsələlər müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti